Vergi sistemində rəqəmsallaşma səviyyəsi daha da dərinləşdiriləcək

2023.02.10 11:13 (UTC+04:00)

“2023-cü il üçün Dövlət Vergi Xidmətinin qarşısında olduqca ciddi vəzifələr durur. Vergi inzibatçılığının keyfiyyətinin artması şəraitində qarşıda duran fiskal öhdəliklər üzrə proqnozların icra edilməsi, vergi ödəyicilərinə xidmətlərin çeşidinin və keyfiyyətinin artırılması, risk əsaslı nəzarət sisteminin genişləndirilməsi, ortamüddətli perspektiv üçün vergi siyasəti üzrə əsas hədəflərin həyata keçirilməsi bu il də prioritet istiqamətlərimiz olaraq qalacaq”.

vergiler.az” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli “Heydər Əliyev və Azərbaycanın vergi sistemi: yeni çağırışlara doğru” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Xidmət rəisi qeyd edib ki, vergi sistemində rəqəmsallaşma səviyyəsi və rəqəmsal inzibatçılıq daha da dərinləşdiriləcək. O.Nəzərlinin fikrincə, sayı artaraq 700 mini keçmiş aktiv vergi ödəyicilərinə münasibətdə effektiv nəzarətin qurulması yalnız bu yolla mümkündür: “Bizim insan resurslarımız müvafiq rəqəmsal alətlərə malik olmalıdır ki, vergi ödəyicilərinin fəaliyyətini nəzarətdə saxlamaq, vergidən yayınma hallarının qarşısını almaq mümkün olsun. Bu baxımdan, vergi xidmətinin rəqəmsallaşma səviyyəsi və dərinliyi artırılacaq”.

O.Nəzərli özəl sektorla vergi qanunvericiliyi və inzibatçılığının təkmilləşdirilməsi istiqamətində dialoqu davam etdirməyə, dövlət-özəl əməkdaşlığının genişləndirilməsinə daha çox töhfə verməyə hazır olduqlarını da açıqlayıb.

DVX rəisi əlavə edib ki, müasir vergi sistemi təkcə iqtisadiyyatımızın maliyyə dayaqlarının möhkəmləndirilməsinə deyil, həm də ölkəmizdə sahibkarlığın inkişafı və tərəqqisinə xidmət edəcək.