“Azərbaycanın müasir vergi sisteminin fundamental əsasları ümummilli lider Heydər Əliyevin birbaşa təşəbbüsü ilə yaradılıb”. “vergiler.az” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli “Heydər Əliyev və Azərbaycanın vergi sistemi: yeni çağırışlara doğru” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, 2023-cü ildə ümummilli lider, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Müasir Azərbaycanın dövlət quruculuğu, iqtisadi dirçəliş, ictimai-siyasi və sosial həyatda tərəqqi dövrünü əhatə edən bütöv bir zaman kəsiyi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqil Azərbaycanın əldə etdiyi nailiyyətlər, sıçrayışlı inkişaf, yüksək sosial tərəqqisi məhz onun təşəbbüsü ilə hazırlanan və həyata keçirilən iqtisadi inkişaf doktrinasının reallaşdırılması sayəsində mümkün olub.
O.Nəzərli əlavə edib ki, Ümummilli Liderin nəticəyə hesablanmış siyasəti sayəsində Azərbaycanın milli inkişaf strategiyasının ən mühüm parametrlərindən biri - güclü milli iqtisadiyyatın qurulması istiqamətində ciddi uğurlar əldə edilib: “O cümlədən Azərbaycanın müasir vergi sisteminin fundamental əsasları da ümummilli liderin birbaşa təşəbbüsü ilə yaradılıb. Vergi sahəsində vahid qanunvericilik bazasının yaradılması, vergi administrasiyasının modernləşdirilməsi, idarəetmə sisteminin təkmilləşdirilməsi sayəsində vergi siyasətinin güclü və işlək mexanizmləri formalaşdırılıb. Sonrakı dövrdə məhz bu konseptual yanaşmanın dövlət başçımız İlham Əliyev tərəfindən inkişaf etdirilməsi nəticəsində vergi siyasəti təkcə büdcə gəlirlərini təmin etməyi nəzərdə tutan fiskal məqsədlərə deyil, eyni zamanda ölkədə iqtisadi inkişafı sürətləndirmək, optimal vergitutma mexanizmi ilə əlverişli investisiya mühiti yaratmaq, sahibkarlığın inkişafını stimullaşdırmaq kimi məqsədlərə xidmət etməyə başlayıb”.