Azərbaycanda əkilən meyvə tinglərinin Özbəkistan və Türkmənistana ixrac edilməsi nəzərdə tutulur.
Bunu “vergiler.az”a İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Yevlax Pilot Aqroparkın rezidenti “İSFA” MMC-nin təsisçisi və direktoru Samir Xeyirbəyov deyib.
Onun sözlərinə görə, ixracın reallaşdırılması üçün bu ilin martın 1-dən 5-dək Özbəkistanda səfərdə olacaq. Özbəkistan və Türkmənistan Azərbaycandan yeni çeşid nektarin və gilas tingləri almağa maraq göstərir: “Onlar tingləri, əsasən, Türkiyədən idxal edirlər. Türkiyədə istehsal xərcləri yüksək olduğuna görə tinglər baha qiymətə satılır. Amma biz bu ölkələrə Türkiyədən daha ucuz qiymətə tinglər təklif edirik”.
S.Xeyirbəyov qeyd edib ki, fevralın sonunda ilk dəfə Qırğızıstana ting məhsulları ixrac ediləcək. Ötən ilin oktyabrında imzalanmış müqaviləyə əsasən, şirkət tərəfindən Qırğızıstana ümumilikdə 40 min badam tinginin göndərilməsi planlaşdırılır. Qırğızıstan bu il ərzində əlavə olaraq 40 min alma, 30 min gilas, 20 min armud tingi almağı və onları dekabr ayında idxal etməyi nəzərdə tutur.
Şirkət direktoru yeni ixrac müqaviləsinin bağlanılması məqsədilə bu yaxınlarda Qırğızıstana səfər edəcəyini açıqlayıb. Hazırda həm də Gürcüstana qoz, Rusiyaya alma, gilas və nektarin tinglərinin ixracı üçün danışıqlar aparılır.