Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsi artıb

2023.02.08 14:01 (UTC+04:00)

2022-ci ildə Azərbaycanın Avropa İttifaqı (Aİ) ölkələri ilə ticarət dövriyyəsi 27 344 480,41 min ABŞ dolları təşkil edib ki, bu da 2021-ci illə müqayisədə 80 faiz çoxdur.

"vergiler.az"ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, Azərbaycanın Aİ ölkələrinə ixracı bir il əvvəlki göstəriciyə nisbətdə 91,4 faiz artaraq 25 009 821,71 min dollar, idxalı isə 9,2 faiz artaraq 2 334 658,7 min dollar təşkil edib.

Ötən il ticarət dövriyyəsinin həcminə görə ilk üç ölkə İtaliya, Yunanıstan və Almaniya olub. Hesabat dövründə İtaliya ilə ticarət dövriyyəsi 87,5 faiz artaraq 18 122 940,72 min dollar təşkil edib.

Yunanıstanla ticarət dövriyyəsi 1 420 184,72 min dollar olub ki, bu da bir il öncəki göstəricini 3,2 dəfə üstələyir.

2022-ci ildə Almaniya ilə ticarət dövriyyəsi 1 254 900,18 min dollar təşkil edib ki, bu da bir il öncəki göstəricidən 2,3 faiz azdır.