Katarina Byorlin Hansen: "Azərbaycanla karbonsuzlaşdırma proqramı üzrə fəal işləyirik"

2023.02.07 15:08 (UTC+04:00)

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) investisiya və siyasət təşəbbüsləri vasitəsilə Azərbaycanın karbonsuzlaşdırma proqramını dəstəkləmək üçün fəal işləyir.

Bu barədə "vergiler.az"a AYİB-in Qafqaz üzrə regional direktoru Katarina Byorlin Hansen məlumat verib.

“Keçən il AYİB ilə Azərbaycan arasında əməkdaşlıq üçün əlamətdar il olub, Qaradağda ilk özəl kommunal günəş elektrik stansiyasının tikintisinə sərmayələr qoyulub. Eyni zamanda, investisiyalarımızın 70 faizindən çoxu “yaşıl” iqtisadiyyata yönəldilib. Təsadüfi deyil ki, “Azərbaycan-2030” konsepsiyası çərçivəsində beşinci milli prioritet “Təmiz ətraf mühit və “yaşıl” inkişaf ölkəsidir”, - Hansen qeyd edir.

Onun sözlərinə görə, Azərbaycanın yaşıl enerji sektoruna AYİB tərəfindən dəstək investisiyalardan kənara çıxır: “Məsələn, biz bir neçə il Energetika Nazirliyinə texniki yardım göstərmişik. Bura bərpa olunan enerji üçün normativ hüquqi bazanın tətbiqinə dəstək, enerji tənzimləyicisinin yaradılması və şəbəkənin gücləndirilməsi üzrə tədqiqat daxildir.

Biz bu yaxınlarda Energetika Nazirliyi ilə anlaşma memorandumu imzaladıq, bu memoranduma əsasən, bank Azərbaycanın Paris Sazişində irəli sürülən iddialı məqsədlərinə uyğun olaraq, Azərbaycanda aşağı karbonlu, iqlimə davamlı enerji sektorunun inkişafına dəstək verməyə davam edəcək”, - Hansen deyir.

O qeyd edir ki, bura bərpa olunan enerjidən istifadənin daha da genişləndirilməsi, aşağı karbonlu yolların inkişafı, şəbəkənin genişləndirilməsi, enerji səmərəliliyinin artırılması, metan emissiyalarının azaldılması və hidrogen kimi innovativ texnologiyaların tədricən tətbiqi daxildir.

“Ümumiyyətlə, indi Azərbaycanın daxilində qalıq yanacaqlardan istifadənin dəyəri çox yüksəkdir. Nəticədə, ekoloji faydalarla yanaşı, bərpa olunan enerji mənbələrindən istifadə maliyyə baxımından daha sərfəli olmuşdur. Biz beşinci milli prioritet üzrə Azərbaycanla əməkdaşlığı çox səbirsizliklə gözləyirik. Biz birlikdə bu istiqamətdə çox şeyə nail ola bilərik”, - deyə Regional direktor bildirib.

Tamilla MƏMMƏDOVA