Rusiya Federasiyası Kaluqa vilayəti müəssisələrinin nümayəndələri Azərbaycana təşkil olunan biznes-missiya çərçivəsində istehsal etdikləri məhsulların potensial alıcıları ilə 50-yə yaxın işgüzar görüş keçiriblər.
Kaluqa vilayətinin İxraca Dəstək Mərkəzindən “vergiler.az”a verilən məlumata görə, vilayətin İqtisadi İnkişaf və Sənaye Nazirliyi ilə birgə yanvarın 31-dən fevralın 3-dək təşkil olunan işgüzar missiyaya müxtəlif sənaye sahələrini təmsil edən 5 müəssisə daxil olub.
Mərkəzin rəhbəri Lyudmila Dmitriyevanın sözlərinə görə, Rusiya Azərbaycanın ticarət tərəfdaşları siyahısında üçüncü yerdədir. “2022-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 20 faiz artıb. Kaluqa vilayətinin Azərbaycana ixracından danışdıqda isə, ötən il bu göstərici təxminən 15 milyon dollar təşkil edib”, - deyə L.Dmitriyeva qeyd edib.
Bildirilib ki, Kaluqa vilayəti artıq Azərbaycana xlebtsı, kağız əl dəsmalları və tualet kağızı, keramik qranit plitələr, hidravlik yağlar, elektrik qaynaqlı borular, transmissiya yağları kimi mallar tədarük edir.
L.Dmitriyevanın sözlərinə görə, biznes-missiyada təmsil olunan region istehsalçılarının Azərbaycan bazarına çıxmaq şansları yüksəkdir, çünki şirkətlərin hər biri öz məhsullarının tədarükü üçün real müraciətlər alıb.