ABŞ-ın iqtisadiyyat və böyük geosiyasət eksperti, Dünya İqtisadi Forumunun nümayəndəsi Kayl İnan “vergiler.az”a açıqlama verib.
"ABŞ-Azərbaycan Ticarət Palatası (USACC) qeyri-kommersiya təşkilatıdır və məqsədi iki ölkə arasında ticarəti və investisiyaları təşviq etməkdir. Təşkilat ABŞ və Azərbaycan şirkətləri arasında işgüzar əlaqələrin inkişafı və əlaqələrin qurulması üçün biznes platforması təmin edir. Bu yaxınlarda Amerika İT şirkəti “Hewlett Packard”ın USACC-yə yeni üzv kimi qoşulması bu cür səylərin gözəl nümunəsidir”, - ekspert deyib.
K.İnanın sözlərinə görə, USACC mütəmadi olaraq iki ölkə arasında işgüzar əlaqələrin inkişafı üçün ticarət nümayəndə heyətlərinin səfərlərini, biznes forumları və digər tədbirləri təşkil edir.
Ekspertin fikrincə, mövcud vəziyyəti yaxşılaşdırmaq üçün USACC ilə AmCham Azərbaycan, AZPROMO, Azərbaycan İnvestisiya Şirkəti kimi digər təşkilatlar arasında kommunikasiya və əməkdaşlıq səviyyəsinin artırılması faydalı olardı. Bundan əlavə, ABŞ və Azərbaycan arasında ticarət və investisiyaların təşviqi ilə məşğul olan dövlət-özəl tərəfdaşlıq layihələrinin genişləndirilməsi vacibdir.
“Bura Azərbaycan dövləti və ticarəti təşviq edən digər təşkilatlarla daha sıx işləmək, həmçinin ABŞ biznes dairələrinin Azərbaycandakı ticarət və investisiya imkanları haqqında məlumatlılığının artırılması daxil ola bilər.
Bundan əlavə, ABŞ-nin daha çox şirkətini Azərbaycana investisiya qoymağa təşviq etmək, ölkədə kiçik və orta müəssisələrin böyüməsini dəstəkləmək də iqtisadi əlaqələrin yaxşılaşdırılmasına kömək edəcək”, - K.İnan deyib.
Tamilla MƏMMƏDOVA