Azərbaycanda litium akkumulyatorları bərpa ediləcək

2023.02.02 12:19 (UTC+04:00)

Azərbaycanın yerli kapitallı “Sakuraz Green Energy” şirkəti bu ilin aprel ayından ölkədə ilk dəfə olaraq litium akkumulyatorlarının bərpası fəaliyyətinə başlamağı planlaşdırır.

“Sakuraz Green Energy” MMC-nin direktoru Toğrul Məmmədzadə “vergiler.az”a açıqlamasında deyib ki, dünyada bu resurs tükənmək üzrə olduğundan qiymətləri getdikcə artır. Azərbaycanda da belə akkumulyatorların sayı çoxdur. Hazırda bu akkumulyatorlar sıradan çıxdıqda onlar bərpa edilmək üçün Çinə və ya Kanadaya göndərilir. Bərpa edilmə mümkün olmadıqda isə yeni akkumulyatorlar sifariş olunur ki, bu da çox böyük xərclərə səbəb olur.

Qeyd edək ki, "Sakuraz" MMC bu istiqamətdə fəaliyyətə başladıqdan sonra Azərbaycan dünyada litium akkumulyatorlarının bərpasını həyata keçirən azsaylı ölkələrdən biri olacaq. Litium akkumulyatorları sənaye ilə yanaşı, elektriklə işləyən avtomobillərdə, elektrikli skuterlərdə, velosipedlərdə və s. geniş istifadə edilir.