Qazaxıstan Azərbaycan üzərindən neft ixracını artırmaq niyyətindədir

2023.02.02 09:33 (UTC+04:00)

Neft ixracı baxımından Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) nəqletmə gücünün artırılması üçün xüsusi işçi qrupu yaradılıb.

"vergiler.az" Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bunu Qazaxıstanın energetika nazirinin müavini Asset Maqauov deyib.

Onun sözlərinə görə, Xəzər Boru Kəməri Konsorsiumu, “Atırau-Samara” və “Atasu-Alaşankou” dəhlizləri ilə yanaşı, dəmir yolu və Aktau dəniz limanı boyunca TBNM istiqaməti də inkişaf etdiriləcək.

“TBNM layihəsinin inkişafı üçün işçi qrupu yaradılıb. Layihənin məqsədi 2023-cü ildə 6,5 milyon ton, 2024-cü ildə 7,5 milyon ton, 2025-ci ilin sonuna qədər isə 15 milyon tona qədər daşıma qabiliyyətini təmin etməkdir", - nazir müavini qeyd edib.

Qeyd edək ki, Orta dəhliz kimi tanınan TBNM Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və daha sonra Türkiyə və Avropa ölkələrinə keçir. Bakı-Tbilisi-Qars dəmir yolu dəhlizin bir hissəsidir.