Son dövrlərdə həm mobil, həm də internet bankçılıq göstəricilərində artım müşahidə olunur. Bu barədə “vergiler.az”ın sualına cavab olaraq Mərkəzi Bankın baş direktoru Fərid Osmanov mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, 2022-ci ildə internet bankçılıq vasitəsilə həyata keçirilən əməliyyatların sayı əvvəlki ilə nisbətən 66,5%, həcmi isə 49,9% artıb. Ötən il bu göstərici 211 milyard manat olub.
Mobil bankçılıq üzrə göstəricilərdə isə artım daha çoxdur. İstifadəçilərin mobil bankçılığa marağının artdığını deyən F.Osmanov araşdırmalarda vətəndaşların mobil və internet bankçılığa üstünlük verdiklərinin müşahidə olunduğunu bildirib.
“2022-ci ilin yekunlarına əsasən, əvvəlki illə müqayisədə mobil bankçılıq üzrə ödənişlərin sayı 3 dəfə artıb. Ötən il bu sektorda ödənişlərin həcmi 2,9 dəfə artaraq 12,1 milyard manata çatıb”.