İndiyədək sənaye zonaları üzrə 116 sahibkarlıq subyektinə rezidentlik statusu verilib və bunlardan 65-i artıq istehsal fəaliyyətinə başlayıb.
"vergiler.az" xəbər verir ki, bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) sədri Elşad Nuriyev ötən ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, sahibkarlar tərəfindən sənaye zonalarına 6,47 milyard manatdan çox investisiya yatırılıb və 10 300-dən artıq daimi iş yeri yaradılıb. Mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 460 milyon manata yaxın investisiyanın yatırılması və 4 500-dən artıq yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Sənaye zonaları üzrə indiyədək ümumilikdə 8,8 milyard manatlıq məhsul istehsal edilib ki, bunun 2,9 milyard manatı və ya 33%-ə yaxın hissəsi ixrac olunub.
2022-ci ildə İZİA-nın idarəçiliyində olan sənaye zonalarında 28 sahibkarlıq subyektinə rezident statusu verilib. Bunlardan 12-si Ağdam Sənaye Parkının, 2-si “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının, 8-i Sumqayıt Kimya Sənaye Parkının, 1-i Pirallahı Sənaye Parkının, 3-ü Hacıqabul Sənaye Məhəlləsinin, 1-i Masallı Sənaye Məhəlləsinin, 1-i Sabirabad Sənaye Məhəlləsinin rezidenti kimi qeydiyyata alınıblar.
Ötən il qeydiyyata alınmış rezidentlər tərəfindən 171 milyon manat investisiyanın yatırılması, 2400-dən çox iş yerinin yaradılması nəzərdə tutulur.
Bu rezidentlər tərəfindən sənaye zonalarında müxtəlif tonnajlı yük və xüsusi təyinatlı avtomobillərin, elektrik paylayıcı avadanlıqların və elektrik yuvalarının, elektrik avtomat və sayğaclarının, yumşaq polimer qablaşdırma məhsullarının, havalandırma, yanğınsöndürmə avadanlıqları və müxtəlif metal məmulatların, dam örtüklərinin, avtomatlaşdırma və telemexanika sistemlərinin, divar kağızlarının, qanda şəkəri təyin edən cihaz (qlukometr) və s.-nin istehsalı layihələri həyata keçiriləcək.