Macarıstan TAP qazının çatdırılmasında maraqlıdır

2023.02.01 10:51 (UTC+04:00)

Prezident İlham Əliyevin Macarıstan səfəri ilə Azərbaycan-Macarıstan iqtisadi əlaqələrində yeni dövr başlayır. “vergiler.az” xəbər verir ki, bu fikri iqtisadçı Eldəniz Əmirov səsləndirib. Onun sözlərinə görə, Macarıstan Rusiya-Ukrayna müharibəsinə görə ən çox sıxıntı yaşayan ölkələrdəndir. Yeddi ölkə ilə sərhədi olsa da, dənizə çıxışı olmadığı üçün limanı da yoxdur.

“Ölkənin enerji təhlükəsizliyi yalnız boru kəmərlərinin ümidinə qalıb. Bu boru kəmərlərinin mütləq əksəriyyəti isə Rusiyadan gəlir. Buna görə də Avropanın Rusiyaya sanksiyalarına əngəl olmağa çalışan əsas ölkə məhz Macarıstandır”, - E.Əmirov bildirib.

O, qeyd edib ki, Macarıstanın Azərbaycana yatırdığı investisiyanın Azərbaycanın ora yatırdığı investisiyadan 55 dəfə çox olması ilə yanaşı (1,1 milyard dollara qarşı 18 milyon dollar), Ələt Azad İqtisadi Zonası ilə Macarıstan İxracın Təşviqi Agentliyi arasında Anlaşma Memorandumunun imzalanması, Macarıstan hava yolları şirkətinin Bakıdan birbaşa Budapeştə aviauçuşlar həyata keçirməsi, minatəmizləmə fəaliyyətinə dəstək məqsədilə könüllü töhfə olaraq ianə etməsi, azərbaycanlı tələbələrin Macarıstanda təhsil alması üçün təqaüd proqramının icra edilməsi və digər çoxsaylı məqamlar ölkələr arasında iqtisadi münasibətlərin yaxşı olduğunu deməyə əsas verir.

“Amma ölkələr arasında iqtisadi münasibətlərin birinci göstəricisi ticarət dövriyyəsidir ki, hazırda bu, real potensialdan çox aşağıdır. 2022-ci ildəki dövriyyə 2021-ci illə müqayisədə 35%-dək artaraq 47,4 milyon dollara çatsa da, bu göstərici mövcud potensialdan qat-qat aşağıdır. Potensialın ən böyük hissəsi isə enerji təhcizatına aiddir. Macarıstan ixrac və idxala görə sıralamada ən balanslı mövqeyə malik ölkədir, dünyanın 35-ci ən böyük ixracatçısı, 34-cü ən böyük idxalatçısıdır. Buna baxmayaraq müharibə onun üçün ciddi problemlər yaradır. Bu problemin həllində hazırda ən münasib ölkələrdən biri Azərbaycandır. Çünki Avropaya çatmış TAP qazının Yunanıstanın qonşu ölkələrinə daxili konnektorlar vasitəsilə çatdırılması məsələsində Macarıstan da ciddi istəklidir”.

Hazırda Yunanıstan-Bolqarıstan arasında olan konnektorun illik 3,5 milyard m3 qaz ötürə bildiyini deyən iqtisadçı onun 5 milyard kubmetrdək artırılması imkanının olduğunu qeyd edib. Bu, digər ölkələrdən keçərək Macarıstanın da qaz təhcizatını artırmağa imkan verəcək.

“Macarıstan həm də ötən ilin sonunda Azərbaycan, Rumıniya və Gürcüstanın iştirakilə dördtərəfli saziş imzalayıb. Anlaşmaya görə, Azərbaycanda alternativ enerji mənbələri hesabına istehsal olunmuş elektrik enerjisi kabellə Qara dənizin dibindən Avropaya nəql ediləcək. Bu layihənin uğurlu təhcizatı üçün Azərbaycanda mövcud resurslar içərisində ən böyük rolu Xəzər dənizinin 157 Gvt-lıq külək enerjisi potensialı oynayacaq. Düşünürəm ki, hazırki tətbiqlər hesabına 157 Gvt proqnoz edilsə də, illər sonra xüsusi üzən qurğular və tam yeni texno tətbiqlər nəticəsində bu potensialın çox olması istisna edilə bilməz”, - E.Əmirov bildirib.