2022-ci ildə ümumi satınalmaların məbləği 6,8 milyard manata yaxın olub

2023.01.31 12:01 (UTC+04:00)

2022-ci ildə ümumi satınalmaların məbləği 6,8 milyard manata yaxın olub ki, bunun da 95%-i mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payına düşüb.

"vergiler.az" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli Xidmətin 2022-ci il üzrə fəaliyyətinin yekunlarına həsr olunan mətbuat konfransında çıxış edərkən deyib.

Ötən illə müqayisədə məbləğ üzrə müsabiqə əsaslı satınalmaların həcmi 70% artıb. 2022-ci ildə kotirovka sorğusu metodu ilə keçirilən satınalmalar tamamilə elektronlaşdırılıb. 2022-ci ildə elektron satınalmaların ümumi satınalmalarda payı say üzrə 59,1%, məbləğ üzrə 18,8% təşkil edib.

Ötən il ərzində “etender.gov.az” portalının işi təkmilləşdirilib, dövlət qurumları ilə inteqrasiyaların həyata keçirilməsi üzrə tədbirlərə başlanılıb və ilkin olaraq Mərkəzi Bankın elektron qarantiyalar reyestri ilə inteqrasiya yekunlaşıb. Növbəti mərhələdə Dövlət Vergi Xidməti ilə vergi arayışlarının inteqrasiyası, sonra isə Dövlət Statistika Komitəsinin sahibkarlıq subyektləri reyestri ilə inteqrasiya nəzərdə tutulur.

İl ərzində satınalmalar sahəsində Dövlət Xidmətinə daxil olan 10595 yekun protokoldan 1409-da qanunvericiliyin tələblərinin pozulması hallarının aşkarlandığı, bu istiqamətdə müvafiq tədbirlərin görüldüyü qeyd olunub.