“Hazırda Azərbaycanın hörmə mebeli ilə maraqlanan Qazaxıstan və Gürcüstana məhsul ixracı üçün danışıqlar aparılır”. Bu sözləri “vergiler.az”a 5 ilə yaxındır ki, bağ mebellərinin istehsalı ilə məşğul olan “Rattan” MMC-nin direktoru Nüsrət Abdullayev deyib.
Onun sözlərinə görə, istehsal etdikləri mebelin təxminən 70 faizi ixrac edilir. Əsas ixrac ölkəsi isə Rusiyadır. Mebellərini Yunanıstana da göndərən şirkət gələcəkdə bu ölkəyə məhsul ixracını da mümkün hesab edir: “Bizim əsas istəyimiz mebellərimizin ərəb ölkələrinə ixrac edilməsidir. Ərəb ölkələrində hava daha isti olduğu və bağ mebelləri də açıq hava şəraitində istifadə olunduğu üçün bu dövlətlər həmin mebellərin satışı üçün daha yaxşı bazar sayıla bilər. Ərəb ölkələrinə ixrac baş tutarsa, şirkətin istehsal həcmi daha da arta bilər”.
N.Abdullayev bildirib ki, şirkətin istehsal müəssisələri Bakı və Şəkidədir. Şirkət istehsal üçün yerli xammaldan istifadə edir, bəzi detallar isə xaricdən gətirilir.
Hazırda “Rattan” MMC-nin 180 nəfərə yaxın işçisi var. N.Abdullayevin sözlərinə görə, istehsalı daha da genişləndirməklə region sakinlərinin işlə təmin olunmasına töhfə verə bilərlər: “İxracımızı artırmaqla və güzəştli kreditlər əldə etməklə istehsalımızı 2-3 qat artıra bilərik”.
Qeyd edək ki, N.Abdullayev ötən il ilk dəfə “Uğurlu istehsalçı” nominasiyası üzrə “Dayaq” mükafatı alıb. Mükafat il ərzində fəaliyyəti ilə seçilən, biznes sahəsində innovativ və müasir yanaşmalar tətbiq edən, ixracyönümlü məhsul və xidmətlər istehsal edən şirkətlərə stimullaşdırma məqsədilə verilir.