Kredit məbləğinin 90 faizədək  hissəsi zəmanətlə təmin oluna bilər

2023.01.25 15:13 (UTC+04:00)

İşğaldan azad edilmiş ərazilərdə investisiya fəaliyyəti həyata keçirəcək sahibkarlıq subyektlərinə dövlət zəmanəti və faizlərin subsidiyalaşdırılması qaydaları təsdiqlənib.

vergiler.az” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev qurumun ötən ilki fəaliyyətinin yekunlarına dair mətbuat konfransında çıxış edərkən deyib.

Onun sözlərinə görə, qaydaya əsasən, 500 milyon manat kommersiya krediti üzrə 450 milyon manatadək dövlət zəmanətinin təmin edilməsi nəzərdə tutulur.

"Təqdim ediləcək dövlət zəmanəti üzrə maksimum hesablanmış subsidiya məbləği 150 milyon manatadək olacaq. Faizlər üzrə subsidiyaların ödənişi maksimum 3 il muddətini əhatə edəcək",- deyə O.Xaliyev qeyd edib.

O əlavə edib ki, hər bir sahibkarlıq subyekti üzrə kreditin məbləği 5 milyon manatadək olacaq və həmin kreditin 90 faizədək hissəsi zəmanətlə təmin oluna bilər.

"Həmin kreditin maksimum müddəti 7 ilədək ola bilər. Faiz olaraq kommersiya bankının təqdim etdiyi faiz maksimum 15 faiz nəzərdə tutulur. Bu 15 faizədək olan kreditin 10 faiz bəndinin dövlət tərəfindən 3 il ərzində subsidiyalaşdırılması nəzərdə tutulur",- deyə O.Xaliyev bildirib.