Avropa İttifaqı (Aİ) və BMT İnkişaf Proqramı Azərbaycanda sosial sahibkarlığın inkişafına dəstək məqsədilə ikihəftəlik “Təlimçilərin təlimi” proqramına başlayıb.
“vergiler.az” BMT-nin İnkişaf Proqramı Kommunikasiya bölməsinə istinadən xəbər verir ki, intensiv təlim proqramı sosial sahibkarlıq istiqamətində 7 milli ekspert hazırlamaq məqsədi daşıyır. Bu ekspertlər daha sonra proqramdan əldə etdikləri bilik və bacarıqları öz iş fəaliyyətlərini sosial biznes modelinə yönəltməkdə maraqlı olan 40 vətəndaş cəmiyyəti təşkilatı, sosial sahibkarlar və gənclər qrupları ilə paylaşacaqlar.
Təlimlər çərçivəsində iştirakçılar sahə üzrə beynəlxalq və yerli ekspertlərin dərslərində iştirak edərək sosial sahibkarlıq sahəsində bacarıqlarını artırmaq imkanı qazanırlar.
Təlimlər sosial iqtisadiyyat, dairəvi iqtisadiyyat, eləcə də yerli və inklüziv inkişaf sahələrində təxminən 15 illik təcrübəyə malik ARCO (Birgə inkişaf üçün Aktiv Araşdırma) Araşdırma Mərkəzi (İtaliya) və “ARPA Consulting” tərəfindən aparılır.
Qeyd edək ki, təlim proqramı, Aİ-nin maliyyələşdirdiyi və BMT İP-nin həyata keçirdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində həyata keçirilir. Layihənin hədəfi yerli inkişafa dəstək vermək, ölkədə sosial sahibkarlığın təşviqi sahələrində vətəndaş cəmiyyətinin iştirakının artırılması məqsədilə onların potensialını gücləndirməkdir.