Aqrar sektorda güzəştli kreditləşmənin həcmi artıb

2023.01.23 15:00 (UTC+04:00)

2022-ci il ərzində aqrar sektorda fəaliyyət göstərən 4702 fiziki və hüquqi şəxsə Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən 74,4 milyon manat məbləğində güzəştli kredit verilib.

vergiler.az”ın Aqrar Tədqiqatlar Mərkəzinin hesabatı əsasında apardığı hesablamalara görə, 2021-ci ilin göstəricisi ilə müqayisədə güzəştli kredit alanların sayı 159 nəfər, kreditin həcmi isə 2,9 milyon manat və ya 4 faiz artıb.

Ötən il təqdim edilən kredit məbləğinin 42,8 milyon manatı texnika və avadanlıq təyinatlı kreditlər, 670 min manatı güzəştli kreditlər, 30,9 milyon manatı mikrokreditlər, 10 min manatı isə damazlıq heyvan alışı üçün kreditlər olub.

Bununla yanaşı ötən il AKİA tərəfindən 12 458 baş damazlıq heyvan alışına 28,8 milyon manat, kənd təsərrüfatı texnikası və avadanlıqlarının alışı üçün isə 89,1 milyon manat məbləğində güzəşt vəsaiti ayrılıb.