İşğaldan azad edilmiş Füzuli və Xocavənd rayonlarının ərazisindən keçən 4 hərəkət zolaqlı Füzuli-Hadrut avtomobil yolunun tikintisi yekunlaşmaq üzrədir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən “vergiler.az”a verilən məlumata görə, uzunluğu 12 kilometr təşkil edən birinci texniki dərəcəli avtomobil yolu Zəfər yolundan yeni inşa edilən Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yoluna birləşir.
Layihə üzrə yolun 6,7 km-də, “Qarğabazarı” adlanan ərazidən keçən hissəsində bir aşırımlı körpünün inşası aparılıb. Avtomobil körpüsünün uzunluğu 18 metr, eni isə 21 metr təşkil edir.
Tikintinin tərtib olunan qrafikə uyğun qısa zamanda yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib.