Mobil rabitə sektorunun gəlirləri 6 faizdən çox artıb

2023.01.17 12:08 (UTC+04:00)

2022-ci il ərzində Azərbaycanda mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi 1042,7 milyon manat təşkil edib. Bu barədə "vergiler.az"a Dövlət Statistika Komitəsindən bildirilib.

Qeyd olunub ki, əldə olunan gəlirlərin həcmi 2021-ci ilə nisbətdə 59,9 milyon manat və ya 6,1 faiz artıb.

Ötən ilin dekabr ayı ərzində mobil rabitə sektorunun gəliri 95 milyon manat təşkil edib ki, bu da 2021-ci ilin dekabrı ilə müqayisədə 6,8 faiz və ya 6,1 milyon manat çoxdur. 2022-ci ilin noyabr ayına nisbətdə isə bu göstərici 5,3 faiz və ya 4,8 milyon manat artıb.

Mobil rabitə sektorunun gəlirləri ümumi telekommunikasiya bazarının gəlirlərinin 38 faizini təşkil edib.

Ümumilikdə 2022-ci il ərzində ölkənin informasiya və rabitə müəssisələri tərəfindən 2742,8 milyon manatlıq xidmət göstərilib ki, bu da illik ifadədə 14,8 faiz çoxdur. Xidmətlərin 73,5 faizi əhali tərəfindən istehlak olunub.