Almaniya sahibkarları Azərbaycana investisiya yatırmaqda maraqlıdırlar, buna real şərait, zəmin və müvafiq çağırış da var.
Azərbaycan Sahibkarlar Konfederasiyasından (ASK) “vergiler.az”a verilən məlumata görə, bu barədə Almaniya-Avrasiya İqtisadi Birliyinin (AAİB) icraçı direktoru Hanno Ştöker ASK-nın Almaniya üzrə nümayəndəsi Elnur Hüseynovla görüşü zamanı deyib.
Onun sözlərinə görə, mövcud potensialın dəyərləndirilməsi üçün Almaniya şirkətlərinin məlumatlandırılması və müxtəlif tədbirlərin həyata keçirilməsi razılaşdırılıb.
Öz növbəsində E.Hüseynov Azərbaycana investisiya qoyuluşuna marağın getdikcə artdığını bildirərək, hökumət tərəfindən həyata keçirilən iqtisadi siyasət və aparılan islahatlar nəticəsində ölkədə güclü iqtisadi potensialın mövcud olduğunu vurğulayıb.
“Yaradılan əlverişli biznes və investisiya mühiti, Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınması, regionda əlverişli mövqeyə malik mühüm tranzit mərkəzi olması, insan kapitalının inkişafı da ölkəmizin investisiya qoyuluşu baxımından cəlbediciliyini artırır”, - deyə E.Hüseynov qeyd edib.