Bu il Azərbaycanda iqtisadi artımın əsas drayveri qeyri-neft ixracı olacaq

2023.01.13 17:34 (UTC+04:00)

Dünya Bankının “Qlobal iqtisadi perspektivlər” hesabatına görə, bu il ölkəmizdə ümumi daxili məhsulun (ÜDM) 2,8 faiz artacağı gözlənilir. Bu, ötən ilin iyun ayında verilən proqnozdan 0,6 faiz bəndi çoxdur. Proqnozlara görə, 2023-cü ildə qlobal iqtisadiyyat 1,7 faiz (-1,3 faiz), 2024-cü ildə isə 2,7 faiz (-0,3 faiz) artacaq.

Hesabat barədə “vergiler.az”a şərh verən iqtisadçı Xalid Kərimli qeyd edib ki, Dünya Bankı öz proqnozlarına, adətən, rübdə bir dəfə yenidən baxır və onları həmin dövrdə baş verən hadisələrə, yeni göstəricilərə uyğun yeniləyir. “Adətən, beynəlxalq təşkilatlar bir qədər konservativ proqnozlar hazırlayırlar və sonradan yeniləyirlər. Azərbaycan üçün iqtisadi artım proqnozunun 2,2 faizdən 2,8 faizə artırılması isə müsbət tendensiyadır”.

X.Kərimli hesab edir ki, 2023-cü ildə Azərbaycanda iqtisadi artımın əsas drayveri qeyri-neft ixracı olacaq: “Bu il büdcə xərclərinin rekord həddə - 33,5 milyard manat olacağı açıqlanıb. Bu da planlaşdıran iqtisadi artımın təmin edilməsində rol oynayacaq. 2023-cü ildə Azərbaycanda orta aylıq əməkhaqqının 13-14 faiz artacağı, inflyasiyanın isə 7 faizin altında qalacağı gözlənilir ki, bu da əhalinin alıcılıq qabiliyyətinin artmasına, maddi imkanlarının yaxşılaşmasına imkan verəcək. İndiki göstəricilər çərçivəsində 2023-cü ildə ölkədə iqtisadi artımın davam edəcəyi, inflyasiyanın aşağı düşəcəyi, əhalinin gəlirlərinin artımının inflyasiya artımını üstələcəyi gözlənilir”.

Azərbaycan hökumətinin enerji layihələrinə diqqəti artıracağını deyən X.Kərimli gələn il həm Cənub Qaz Dəhlizinin genişləndirilməsi, həm alternativ enerji mənbələrindən istehsalın artırılması istiqamətində işlərin genişləndiriləcəyini bildirib: “Bunlarla yanaşı, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonunda bərpa və yenidənqurma işlərinin intensivləşməsinə ciddi diqqət göstəriləcəyi gözlənilir. Üstəlik, Orta və Şimal-Cənub Nəqliyyat Dəhlizinin daha yaxşı fəaliyyəti üçün ölkəmiz dəmiryolu infrastrukturunun inkişaf etdirilməsinə, Ələt Beynəlxalq Ticarət Limanının ötürücülük, yükgötürmə qabiliyyətinin artırılmasına investisiya qoyacaq”.

Fərqanə ALLAHVERDİQIZI