Çin Azərbaycana nərə balıqlarının kürüsünün ixracını artırıb

2023.01.12 12:19 (UTC+04:00)

2022-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan 1208,3 min ABŞ dolları dəyərində 3,9 ton nərə balıqlarının kürüsünü idxal edib.

"vergiler.az"ın Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, bu, 2021-ci ilin eyni göstəricisi ilə müqayisədə dəyər ifadəsində 19,7 faiz, həcm olaraq isə 17,4 faiz çoxdur.
Qeyd edək ki, hesabat dövründə Azərbaycana cəmi 2 ölkədən nərə balıqlarının kürüsü idxal olunub.

Bu kateqoriya məhsul üzrə ölkəyə dəyər ifadəsində ən çox idxal Çindən olunub. Bu ölkə Azərbaycana 1185,23 min dollar dəyərində 3,87 ton nərə balıqlarının kürüsünü ixrac edib ki, bu da bir il öncəki göstəricidən dəyər ifadəsində 18,1 faiz, həcm baxımından isə 16,9 faiz çoxdur.

Dəyər ifadəsində ikinci ölkə isə ABŞ olub. Bu ölkədən 2022-ci ilin ilk 10 ayında Azərbaycana 23,07 min. dollarlıq 0,03 ton nərə balıqlarının kürüsü tədarük edilib. Qeyd edək ki, 2021-ci ilin eyni dövründə ABŞ-dan Azərbaycana bu məhsul idxal edilməyib.

Ötən ilin yanvar-oktyabr ayları ərzində Azərbaycandan cəmi 269,29 min dollar dəyərində 0,23 ton kürü ixrac edilib. Bu, 2021-ci ilin eyni göstəricisindən dəyər ifadəsində 4,3 dəfə, həcm baxımından isə 4,6 dəfə çoxdur.

Məhsul əsasən Rusiya, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, Sinqapur, Türkiyə və Yeni Zelandiyaya ixrac edilib.