Dövlət əsaslı investisiya xərclərinə 2,6 milyard manatdan çox vəsait nəzərdə tutulub

2023.01.09 14:11 (UTC+04:00)

2023-cü ilin dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərcləri üçün 2 650,4 mln. manat məbləğində vəsait nəzərdə tutulub.

vergiler.az” Maliyyə Nazirliyinin hazırladığı 2023-cü ilin dövlət və icmal büdcələri ilə bağlı məlumatları özündə birləşdirən “Vətəndaşın büdcə bələdçisi”nə istinadən xəbər verir ki, həmin vəsaitin 1 358,1 mln. manatı sosial və infrastruktur təyinatlı layihələrin, 1 100,0 mln. manatı “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın layihələrinin maliyyələşdirilməsinə və 192,3 mln. manatı beynəlxalq kreditor qurumlarının təqdim etdiyi kreditlər hesabına həyata keçirilən sosial və infrastruktur təyinatlı layihələrin maliyyələşdirilməsinə yönəldiləcək.

Bu ilin dövlət büdcəsinin əsaslı xərclərindən tikinti, bərpa, yenidənqurma, əsaslı təmir və müxtəlif əsaslı alışların həyata keçirilməsi üçün 1 158,7 mln. manat məbləğində vəsait ayrılacaq. Həmin vəsait digər büdcə və büdcədən maliyyə yardımı alan təşkilatlar tərəfindən həyata keçiriləcək tikinti, bərpa, yenidənqurma, əsaslı təmir işlərinə, həmçinin müxtəlif əsaslı alışların həyata keçirilməsinə sərf ediləcək.

Digər əsaslı xərclər üçün 747,7 mln. manat nəzərdə tutulub. Bunun 330,5 mln. manatı “Avtomobil Yolları” Məqsədli Büdcə Fonduna, 330 mln. manatı Heydər Əliyev adına Neft Emalı Zavodunun yenidənqurma və modernizasiyası layihəsinin maliyyələşdirilməsinə, 87,7 mln. manatı isə güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalının artırılmasına yönəldiləcək.