Aqil Məmmədov: “Minimum əməkhaqqının artırılması vətəndaşların rifahına müsbət təsir edəcək”

2023.01.09 14:42 (UTC+04:00)

“Vətəndaşlarımızın sosial rifahının yaxşılaşması dövlətimizin siyasətinin mərkəzində dayanır. Prezident İlham Əliyevin “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamı bu istiqamətdə atılmış növbəti addımdır”. Bu fikri “vergiler.az”a açıqlamasında millət vəkili Aqil Məmmədov səsləndirib.

Deputat qeyd edib ki, bu, son 5 ildə həyata keçirilən artıq 4-cü sosial yönümlü islahatlar paketdir: “2023-cü ilin yanvar ayının 1-dən minimum əməkhaqqı məbləği 45 manat artırılaraq 300 manatdan 345 manata çatdırılıb. Minimum əməkhaqqının artırılması 700 mindən artıq vətəndaşımızın əməkhaqqının artırılmasına öz təsirini göstərəcək”.

A.Məmmədov minimum pensiya məbləğlərinin artırılmasının əhalinin sosial rifahının yüksəldiləəcəyinə diqqət yönəldərək Nazirlər Kabinetinin təkliflərinin 10 gün müddətində hazırlanıb təqdim ediləcəyini vurğulayıb:

“Minimum pensiya məbləği 240 manatdan 280 manata qaldırılması 1 milyondan artıq vətəndaşımızı əhatə edəcək. Büdcə gəlirləri imkan verdikcə əhalinin gəlirlərinin artmasına imkan yaranacaq. Bu məsələlər ölkə rəhbərinindaim diqqət mərkəzindədir. Bu cür sosial yönlümü addımlar növbəti illərdə də atılacaq və getdikcə minimum əməkhaqqının da, minimum pensiyaların da məbləği artacaq. Bu da vətəndaşlarımızın rifahına öz müsbət təsirini göstərəcək”.

Qeyd edək ki, son 5 ildə ölkəmizdə minimum aylıq əməkhaqqı məbləği 2,7 dəfə, minimum pensiya məbləği isə 2,5 dəfə artıb.