2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana 10 085,11 min ABŞ dolları dəyərində 51 803 ədəd kassa aparatları idxal edilib. "vergiler.az"ın Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu, 2021-ci ilin eyni göstəricisi ilə müqayisədə dəyər ifadəsində 22,7 faiz, say baxımından isə 48,7 faiz çoxdur.
Bu kateqoriya məhsul üzrə ölkəyə dəyər ifadəsində ən çox idxal Çindən olub. Bu ölkə 2022-ci ilin ilk 10 ayında Azərbaycana 8 345,73 min dollar dəyərində 50 659 ədəd kassa aparatları ixrac edib ki, bu da ötən ilin eyni göstəricilərini müvafiq olaraq 70,1 və 55,7 faiz üstələyir.
Dəyər ifadəsində ikinci ölkə isə Rusiya olub. Bu ölkədən 2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana 1194,3 min dollarlıq 510 ədəd kassa aparatları tədarük edilib ki, bu da bir il öncəki eyni göstəricilərlə müqayisədə dəyər ifadəsində 61,4 faiz, həcm baxımından isə 67,6 faiz azdır.
Üçüncü yerdə olan Macarıstandan isə ötən ilin ilk 10 ayı ərzində 240,35 min. dollar dəyərində 283 ədəd kassa aparatları göndərilib ki, bu da illik ifadədə dəyər və say baxımından müvafiq olaraq 3,8 və 3,7 dəfə çoxdur.
Hesabat dövründə ümumilikdə Azərbaycana 11 ölkədən kassa aparatları idxal olunub.
Qeyd edək ki, 2022-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycandan cəmi 38,21 min dollar dəyərində 71 ədəd kassa aparatları ixrac edilib. İxracın həcmi illik ifadədə dəyər olaraq 40,3 faiz artıb, say baxımından isə 88,7 faiz azalıb. Cihazlar əsasən Çinə, Çinin xüsusi inzibati rayonu Honkonqa və Gürcüstana göndərilib.