Rüfət Quliyev: “Minimum əməkhaqqının artırılması maaşların, müavinətlərin, pensiyaların da məbləğinin artmasına səbəb olacaq”

2023.01.06 16:52 (UTC+04:00)

Prezident İlham Əliyevin “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilib. Əhalinin rifahının qorunması sahəsində tədbirlərin davam etdirilməsi məqsədi daşıyan bu addımın atılmasını ictimaiyyət məmnunluqla qarşılayıb.

Millət vəkili Rüfət Quliyev “vergiler.az”a açıqlamasında bunun ölkə Prezidentinin humanist addımı olduğunu qeyd edib: “Sərəncam onu göstərir ki, dövlət daim sosial məsələləri diqqətdə saxlayır. Minimum aylıq əməkhaqqının 15% artırılması ardıcıl olaraq vahid tarif cədvəllərinə, eləcə də pensiyaların məbləğinə təsir edir. Həmin artım maaşların, müavinətlərin, pensiyaların da məbləğinin artmasına səbəb olacaq. Minimum aylıq əməkhaqqının artırılması təxminən 700 min insanın gəlirlərinə birbaşa təsir edəcək”.

Sərəncamla Nazirlər Kabinetinə 10 gün müddətində əmək pensiyasının minimum məbləğinin 280 manata çatdırılması, həmçinin sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etməsi tapşırılıb.

R.Quliyev 100 minədək vətəndaşın pensiyasının artacağını deyib: “Son beş ildə sosial sahədə ardıcıl xarakter alan sosial islahatlar nəticəsində minimum əməkhaqqı 2,7 dəfə artırılaraq 130 manatdan 345 manata, minimum pensiya 2,5 dəfə artırılaraq 110 manatdan 280 manata çatdırılıb. Sərəncamda dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif maaşlarının məbləğlərinin bu Sərəncama uyğunlaşdırılması da nəzərdə tutulub. 2023-cü ildə artımlar ümumilikdə 1,9 milyon vətəndaşı əhatə edəcək və bunun üçün əlavə 750 milyon manat vəsait ayrılması nəzərdə tutulub. Belə düşünürəm ki, 2023-cü ildə inflyasiyanın 7% səviyyəsində saxlanılacağını nəzərə alsaq, maaş və pensiya məbləğlərindəki artımlar böyük sosial əhəmiyyət daşıyır”.