Makroiqtisadi proqnozlar müxtəlif ssenarilər üzrə müntəzəm yenilənəcək

2022.12.30 17:16 (UTC+04:00)

Azərbaycan iqtisadiyyatının fəaliyyət mühitinin yüksək dəyişkənliyini nəzərə alaraq Mərkəzi Bank 2023-cü ildə də makroiqtisadi proqnozları müxtəlif ssenarilər üzrə müntəzəm yeniləyəcək.

vergiler.az” Azərbaycan Mərkəzi Bankının yaydığı məlumata istinadən xəbər verir ki, 2023-cü ildə əsas ixrac məhsulları üzrə dünya qiymətləri, ticarət tərəfdaşlarında makroiqtisadi durum, qeyri-neft məhsul və xidmət ixracı potensialının reallaşması Azərbaycanın tədiyə balansına təsir göstərən əsas amillər olacaq.

Qiymətləndirmələrə görə, 2023-cü ildə də tədiyə balansının cari əməliyyatlar hesabında profisit gözlənilir. İxracın strukturunun diversifikasiyası cari hesabı balanslaşdıran neft qiymətinin rolunun azalmasına səbəb olur. 2023-cü ildə də dövlət tələbi iqtisadi aktivliyin dəstəklənməsində mühüm rol oynayacaq. 2023-cü ildə dövlət büdcə xərclərinin ÜDM-ə nisbətinin 30 faizi üstələyəcəyi gözlənilir.

Növbəti ildə büdcə qaydasının tətbiqinin davam etdirilməsi ilə qeyri-neft fiskal kəsrin və borclanmanın azaldılması strategiyasının həyata keçirilməsi uzunmüddətli fiskal dayanıqlığın təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.