Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda üzüm şərabı istehsalı illik müqayisədə 27,4 faiz artaraq 767,1 min dekalitr təşkil edib.
“vergiler.az” Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, hesabat dövründə ölkədə 1087,5 min dekalitr araq istehsal edilib ki, bu da ötən ilin müvafiq aylarına nisbətdə 17,8 faiz azdır.
Pivə istehsalında da 4,4 faiz azalma qeydə alınıb. Cari ilin 11 ayında 4376,9 min dekalitr pivə istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 200,6 min dekalitr azdır.
Bununla yanaşı, hesabat dövründə 33 799,0 min dekalitr həcmində alkoqolsuz içkilər istehsal edilib ki, bu da ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə 21,5 faiz çoxdur.
Dekabrın 1-nə anbarlarda 907,4 min dekalitr üzüm şərabı, 239,2 min dekalitr araq, 272,5 min dekalitr pivə və 358,8 min dekalitr alkoqolsuz içkilər ehtiyatı yaranıb.
Dövlət Gömrük Komitəsinin 11 aylıq hesabatına əsasən, ölkəyə 76 789,87 min ABŞ dolları dəyərində alkoqollu və alkoqolsuz içkilər və sirkə idxal edilib ki, bu də ötən ilin müvafiq göstəricisini 9,5 faiz üstələyir. Bu məhsul kateqoriyası üzrə ixracın dəyəri 79,3 faiz artaraq 22 706,9 min dollar təşkil edib.