İşçinin maddi məsuliyyəti (II hissə)

2022.12.29 15:11 (UTC+04:00)

Məqalənin I hissəsi ilə buradan tanış olmaq olar.

Əmək Məcəlləsində qeyd edilən nüanslara aşağıdakı kimi aydınlıq gətirilib:

Məcəllənin 198-ci maddəsində göstərilib ki, Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa qalan bütün hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əməkhaqqı məbləğinədək maddi məsuliyyət daşıyır. Deməli, işçinin tam maddi məsuliyyət daşıdığı hallar aşağıdakılardır:

1. İşçinin tam maddi məsuliyyəti

İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır:

a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda.

Əgər işçi işə qəbul edilərkən onunla əmək müqaviləsindən əlavə tam maddi məsuliyyət haqqında müqavilə də bağlanıbsa, bu halda işçinin işəgötürənə vurduğu ziyana görə tam maddi məsuliyyət daşıyır.

b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə,
Müəssisənin istehsal fəaliyyətinin təmin edilməsi baxımından bəzən işçilər tərəfindən sərvətlərin qəbul edilərək işəgötürənə və digər maddi məsul şəxsə təhvil verməsi zəruriyyəti yarandığı zaman hüquqmüəyyənedici sənədlər əsasında məsuliyyət götürmüş şəxslər sərvətləri təhvil verənə qədər maddi məsul şəxslər hesab edilirlər.

c) inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda,

Əgər şəxsin hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərın əlamətləri olduqda inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyinin tələblərinin pozulması halı baş verərsə, inzibati xətalara baxmaq səlahiyyəti olan orqanlar tərəfindən müəyyən edilən bu ziyanın dəyəri tam şəkildə ödənilməlidir.

ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda.

İşçi tərəfindən işəgötürənə məxsus maddi sərvətlərə bilərəkdən və qəsdən zərər vurulduqda bu zərərin əvəzi tam şəkildə ödənilməlidir.

d) alkoqol, toksik (zəhərli), psixotrop maddələrdən və ya narkotik vasitələrdən sərxoş vəziyyətdə ziyan vurulduqda.

Sərxoş və psixotrop maddələrin təsiri altında işə gələrək bilərəkdən və ya ehtiyyatsızlıqdan işəgötürənə məxsus maddi sərvətlərə vurulmuş zərərin əvəzi tam şəkildə ödənilməlidir. İşəgötürən işçinin sərxoş vəziyyətdə olması halını sübuta yetirməlidir. Adətən, belə vəziyyətlərdə akt tərtib edilir və həkim rəyi və digər işçilərin izahatları ilə belə hal rəsmiləşdirilir.

e) işəgötürənin kommersiya sirrini yaydıqda.

“Kommersiya sirri haqqında” Qanuna görə, kommersiya sirri - hüquqi və fiziki şəxslərin istehsal, texnoloji, idarəetmə, maliyyə və başqa fəaliyyəti ilə bağlı sahibinin razılığı olmadan açıqlanması, onların qanuni maraqlarına ziyan vura bilən məlumatlardır. Məsələn, şirniyyat istehsalı müəssisəsində çalışan işçi, çalışdığı işəgötürənə məxsus şirniyyatın tərkibini rəqabətdə olan və ya başqa birisinə verərsə, o, vururlmuş zərərə görə tam həcmdə məsuliyyə daşıyacaqdır.

ə) işəgötürənin şəxsiyyətini ləkələyən, şərəf və ləyaqətini alçaldan, habelə həqiqətə uyğun olmayan böhtanlı və təhqirli iftiralar, yalan məlumatlar yaymaqla onun sahibkarlıq fəaliyyətinə ciddi xələl gətirmiş mənəvi ziyan vurulduqda.

Digər əsaslar kimi, qeyd edilən bu hal da işəgötürən tərəfindən sübuta yetirilməlidir. İşçinin belə hərəkətləri sübuta yetirilərsə, işçi bu əməlinə görə tam həcmdə məsuliyyət daşıyacaqdır.

Ziyanın vurulması aşkar edilən anda 18 yaşı tamam olmamış işçilər yalnız qeyd edilən maddənin “c”, “ç” və “d” bəndlərində göstərilən hallarda qanunvericiliklə müəyyən edilən qaydada tam maddi məsuliyyət daşıyırlar. Qalan hallarda 18 yaşı tamam olmamış işçilər işəgötürənə vurulmuş zərərə görə bir aylıq orta əməkhaqqı məbləğinədək məsuliyyət daşıyırlar.

Maraqlı məqamlardan biri də ondan ibarətdir ki, işəgötürən yuxarıda qeyd edilən hallardan sığorta olunması üçün müəssisənin bütün əməkdaşları ilə maddi məsuliyyət müqaviləsi bağlaya bilərmi? Sualın cavabını Əmək Məcəlləsinin 200-cü maddəsində tapa bilərik.

İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər.

İşlərin yerinə yetirilməsinin, xidmətlərin göstərilməsinin xarakterindən asılı olaraq işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması zamanı müəyyən kollektiv üzvlərinin hər birinin maddi məsuliyyəti dərəcəsini müəyyən etmək, habelə onlarla tam maddi məsuliyyət barədə yazılı müqavilə bağlamaq mümkün olmadığı hallarda kollektiv (briqada) məsuliyyət haqqında müqavilə bağlanıla bilər.

Tam maddi məsuliyyət barədə yazılı müqavilələr bağlanılmalı olan işçilərin və işlərin (xidmətlərin) siyahısı işəgötürən tərəfindən müəyyən edilir.

İşəgötürən göstərilən hallarda işçilərlə tam maddi məsuliyyət müqaviləsi bağladıqda onlar vurulmuş zərər həcmində tam maddi məsuliyyət daşıyırlar. Tam maddi məsuliyyət barədə müqavilə bağlanmadıqda isə əməlində cinayət tərkibi olan təqsirli hərəkətləri istisna olunmaqla qalan hallarda işəgötürənə vurulan ziyana görə işçi yalnız orta əmək haqqı məbləğində maddi məsuliyyət daşıyır.

Göründüyü kimi, maddi məsuliyyət müqaviləsi maddi məsul şəxslərlə bağlanmalıdır. Bütün işçilərlə maddi məsuliyyət müqaviləsinin bağlanılması doğru deyildir. Maddi məsuliyyət müqaviləsinin işəgötürənin verdiyi əmlakın, maddi və digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və digər əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlr görən işçilərlə bağlanmalıdır.

2. Orta aylıq əməkhaqqı məbləğində məsuliyyət

Əmək Məcəlləsində işçinin tam maddi məsuliyyət daşıdığı hallar müəyyənləşdirilib ki, bu hallar xaricində qalan başqa hallarda işçi tam deyil, bir aylıq orta əməkhaqqı mələğində məsuliyyət daşıyacaq:

Misal 1: İşçinin təqsiri ucbatından işəgötürənə 500 manat məbləğində ziyan dəyib. İşçi ilə tam maddi məsuliyyət haqqında müqavilə bağlanılmayıb. İşçinin orta aylıq əməkhaqqı məbləğinin 350 manat olmasını nəzərə alaraq ziyanın əvəzi tam şəkildə onun əməkhaqqından tutula bilərmi?

Qeyd edilən halda işçi orta aylıq əməkhaqqı qarşılığında maddi məsuliyyət daşıdığı zərərin əvəzi orta aylıq əməkhaqqı məbləği dəyərində ödəniləcəkdir. Deməli, işçi bu halda 350 manat məbləğində maddi məsuliyyət daşıyacaq.

Misal 2: İşçinin aylıq əməkhaqqı mələği 500 manat, vurulmuş zərərin məbləği isə 350 manat olarsa, bu halda ziyanın əvəzinin ödənilməsi necə tənzimlənəcəkdir?

Bu halda, işçinin orta aylıq əməkhaqqı məbləği vurulmuş zərərin əvəzindən böyük olduğu üçün zərər tam şəkildə, yəni 350 manat ödəniləcək.

Misal 3: İşçi işəgötürənə iyun ayında maddi ziyan vurub. İşçinin aprel ayının 15-də işə qəbul edildiyini nəzərə alsaq, onun zərərə görə ödəməli orta aylıq əməkhaqqı məbləği necə hesablanacaq? İşçi aprel ayında 180 manat, may ayında isə 360 manat əmək haqqı alıb. Deməli, orta əməkhaqqı 270 manat olacaq: (180+360):2=270

Mənbə: “Əmək qanunvericiliyinin praktiki izahı” kitabı