Bu ilin 30 noyabr tarixinə ölkədə fəaliyyət göstərən 25 bankın cəmi aktivləri 45 490,2 milyon manat, cəmi öhdəlikləri 39 970,3 milyon manat, balans kapitalı 5 519,9 milyon manat olub.
“vergiler.az” Azərbaycan Mərkəzi Bankının hesabatına istinadən xəbər verir ki, noyabrda bankların cəmi aktivləri və öhdəlikləri müvafiq olaraq 1,9 faiz artıb. İlin əvvəlindən isə bank sektorunun cəmi aktivləri, cəmi öhdəlikləri və balans kapitalı üzrə artım müvafiq olaraq 18,3 faiz, 19,3 faiz və 11,1 faiz olub.
Bankların kredit portfeli noyabr ayında 1 faiz (203,4 milyon manat) artaraq 19 674,2 milyon manat olub. Bankların cəmi kredit portfelində biznes kreditlərinin payı 55,8 faiz (10 975,8 milyon manat) təşkil edib. Ümumilikdə, cari ilin 11 ayında bankların kredit portfeli 18,1 faiz və ya 3 015,1 milyon manat artıb.
Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı 3,2 faiz təşkil edib. Qeyd olunan göstərici ilin əvvəlinə nəzərən 1 faiz bəndi, ötən ilin müvafiq dövrünə nəzərən isə 1,5 faiz bəndi azalıb.