Ölkədaxili nağdsız əməliyyatların həcmi artıb

2022.12.26 12:12 (UTC+04:00)

Bank sistemi üzrə dövriyyədə olan ödəniş kartlarının sayı noyabr ayının sonunda ötən aya nəzərən 152 min ədəd artaraq 13 milyon 132 min ədəd təşkil edib.

vergiler.az” Azərbaycan Mərkəzi Bankının hesabatına istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 20,9 faiz artıb. Ödəniş kartlarında artım debet kartları üzrə 20,1 faiz, kredit kartları üzrə 26,6 faiz təşkil edib. Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 186 min, kredit kartları 364 min, digər kartlar isə 1,7 milyon ədəd artıb. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,9 dəfə artıb. 2022-ci ilin noyabr ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 2524 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 1908 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 613 milyon manatı POS-terminallar, 2,4 milyon manatı isə özünəxidmət terminalları vasitəsilə həyata keçirilib.

Noyabr ayı ərzində ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 47,4 faizini təşkil edib.

Bankların ödəniş xidməti şəbəkəsi üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin noyabr ayının sonu ilə müqayisədə bankomatların sayında 3,2 faiz, POS-terminalların sayında isə 27 faiz artım qeydə alınıb.