Energetika Nazirliyi ilə Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında Azərbaycanın elektroenergetika sektorunun inkişafı ilə bağlı texniki dəstəyə dair Anlaşma Memorandumu imzalanıb.
Nazirlikdən “vergiler.az”a verilən məlumata görə, Memorandum çərçivəsində ölkədə aşağı karbonlu elektroenergetika sektorunun inkişafına nail olmaq məqsədilə bərpa olunan enerjinin təşviqinə, şəbəkənin təkmilləşdirilməsinə, enerji səmərəliliyinin artırılmasına, metan emissiyalarının azaldılmasına dəstək, həmçinin “yaşıl hidrogen” də daxil olmaqla innovativ texnologiyaların mərhələli şəkildə araşdırılması və tətbiqi üzrə əməkdaşlıq nəzərdə tutulur.
Əməkdaşlıq çərçivəsində ilkin olaraq “Azərbaycanın elektroenergetika sektorunda aşağı karbonlu həll yolları” texniki yardım layihəsi həyata keçiriləcək. Bu çərçivədə enerji sektorunun dekarbonizasiyası üçün müvafiq siyasət və texnologiyalarla bağlı tövsiyələrdən ibarət “yol xəritəsi”nin hazırlanması nəzərdə tutulur.