Azərbaycan Gürcüstanın 5 əsas ticarət tərəfdaşından biridir

2022.12.20 09:51 (UTC+04:00)

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Gürcüstanın beş ən böyük ticarət tərəfdaşı siyahısına daxil olub.

vergiler.az” Gürcüstan mətbuatına istinadən xəbər verir ki, ölkənin Milli Statistika Xidmətinin dərc etdiyi ilkin məlumatlara əsasən, hesabat dövründə Azərbaycanla ticarət dövriyyəsi 1,2 milyard ABŞ dolları təşkil edib.

Gürcüstanın ən böyük ticarət tərəfdaşları siyahısına 2,6 milyard dollarla Türkiyə başçılıq edir. Daha sonra isə Rusiya (2,2 milyard dollar), Çin (1,7 milyard dollar), Azərbaycan (1,2 milyard dollar) və ABŞ (1,1 milyard dollar) gəlir.

Cari ilin ilk 11 ayında Çin 660,7 milyon dollarla ixracat baxımından Gürcüstanın ən böyük ticarət tərəfdaşı olub. Bu beşliyə Rusiya (597,9 milyon dollar), Azərbaycan (595,5 milyon dollar), Ermənistan (495,6 milyon dollar) və Türkiyə (409,7 milyon dollar) də daxildir.

İdxal baxımından Gürcüstanın ən böyük ticarət tərəfdaşları bunlardır: Türkiyə (2,1 milyard dollar), Rusiya (1,6 milyard dollar), Çin (1 milyard dollar), ABŞ (821 milyon dollar) və Almaniya (574,4 milyon dollar).

Ümumilikdə, cari ilin yanvar-noyabr aylarında Gürcüstanın xarici ticarəti əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 32,2% artaraq 17,02 milyard dollar təşkil edib.