Amir Məmmədov: “Aqroparklar əhalinin keyfiyyətli ərzaq məhsulları ilə təminatını daha da yaxşılaşdıracaq” MÜSAHİBƏ

2022.12.20 14:30 (UTC+04:00)

İqtisadi Zonaların İnkişafı Agentliyinin Aqrar zonaların inkişafı şöbəsinin müdiri Amir Məmmədov aqroparkların fəaliyyəti ilə bağlı “vergiler.az”ın suallarını cavablandırıb.

Aqroparklarda klasterlərin yaradılması məhsulun istehsal xərclərini azaldacaq

- Amir müəllim, aqroparkların ölkə iqtisadiyyatında, məşğulluğun təmin olunmasında rolu nə dərəcədədir? Hazırda fəaliyyət göstərən aqroparklar daha çox ölkənin hansı bölgələrində yerləşir?

- Ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi və kənd təsərrüfatının, bütövlükdə aqrar-sənaye kompleksinin modernləşdirilməsi istiqamətində yeni yanaşma olan aqroparkların yaradılması konsepsiyası uğurla reallaşdırılmaqdadır. Əsas məqsəd innovativ, yüksək texnologiya və üsullar əsasında rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, aqrar-sənaye komplekslərinin inkişafı, bu sahədə sahibkarlığın dəstəklənməsi, iqtisadiyyatın, o cümlədən qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, yerli və xarici investisiyalar üçün əlverişli mühitin yaradılması, eləcə də əmək qabiliyyətli əhalinin məşğulluğunun artırılmasıdır. Hazırda ölkənin 32 rayonu üzrə 239.3 min hektar ərazidə 51 aqroparkın yaradılması istiqamətində işlər davam etdirilir. Artıq 44 aqropark fəaliyyətə başlayıb, digərlərində isə layihələndirmə işləri aparılır. Hazırda aqroparklarda 5000 nəfərə yaxın şəxs daimi iş yeri ilə təmin olunub, bu göstəricinin təxminən iki dəfə artırılması nəzərdə tutulub. Mövsümlə əlaqədar işə cəlb olunanların sayı 5500 civarındadır. Aqroparkların böyük hissəsi əsasən uzun illər ərzində kiçik fermerlər tərəfindən istifadəsi mümkün olmayan və su tələbatı qismən təmin edilmiş qış otlaq sahələrində həmin torpaqların kateqoriyası dəyişdirilməklə yaradılır. Bu səbəbdən, aqroparkların əksər hissəsi Mərkəzi Aran, Mil-Muğan, Şirvan-Salyan, Qazax-Tovuz, Qarabağ, Şəki-Zaqatala və Dağlıq Şirvan iqtisadi rayonlarının ərazilərində yerləşir.

Hazırda ölkənin 32 rayonu üzrə 239.3 min hektar ərazidə 51
aqroparkın yaradılması istiqamətində işlər davam etdirilir. Artıq 44 aqropark
fəaliyyətə başlayıb, digərlərində isə layihələndirmə işləri aparılır

- Aqroparklarda hansı məhsullar yetişdirilir, əsas istehsal sahələri nədən ibarətdir?

- Mövcud 51 aqroparkdan 34-ü bitkiçilik, 14-ü bitkiçilik və heyvandarlıq, 1-i heyvandarlıq, 2-si isə emal sənayesi üzrə ixtisaslaşıb. Yuxarıda qeyd olunduğu kimi, aqroparkların yaradılmasında əsas məqsədlərdən biri də ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsinə töhfə vermək, aqroparkların fəaliyyətində innovativ texnologiyalardan və elmi yanaşmalardan istifadə olunmaqla yüksək keyfiyyətli məhsulların istehsal edilməsidir. Bu məhsullara ərzaqlıq, toxumluq və yemlik buğda, arpa, dən və silosluq qarğıdalı, şəkər çuğunduru, yonca, qarğıdalı, soya, pambıq, həmçinin müxtəlif növlü meyvələri aid etmək olar.

- Aqroparkların istehsal göstəriciləri əvvəlki dövrlərlə müqayisədə hansı tendensiya üzrə dəyişib?

- 2021-2022-ci əkin ilində fəaliyyət göstərən 44 aqroparkın 181 min hektar əkinə yararlı ərazisinin 71%-i və ya 127.2 min hektarı əkin dövriyyəsinə cəlb edilib. Bundan əlavə, 2022-ci ildə aqroparklarda 16.4 min hektar sahədə təkrar əkin (qarğıdalı, soya və günəbaxan) aparılıb. 2021-2022-ci illərdə əkin dövriyyəsinə cəlb olunmuş 127.2 min hektar torpaq sahəsinin 80 min hektarı suvarılan ərazilərdir ki, bunun da 54 min hektarında (67%) mütərəqqi suvarma sistemləri qurulub (43.7 min ha pivotaltı, 8.2 min ha damlama, 1.8 min ha sprinkler). Aqroparklarda 2022-ci ildə 152 min ton buğda (ərzaqlıq 89 min ton, toxumluq 31 min ton, yemlik 32 min ton) istehsal edilib. Buğda əkilmiş 21.7 min hektar pivotaltı sahəsində orta məhsuldarlıq 4,5 ton olub. Qabaqcıl aqroparklarda hər hektara düşən orta məhsuldarlıq arpa və buğda üzrə 6-7 ton/ha (ölkə üzrə 3.2 ton), qarğıdalı üzrə 12-15 ton/ha (ölkə üzrə 6 ton), şəkər çuğunduru üzrə isə 80 ton/ha (ölkə üzrə 43 ton/ha) təşkil edir.

Müqayisə üçün bildirək ki, 2022-ci ildə 89 min ton ərzaqlıq buğda istehsal olunub ki, bu da əvvəlki ilə nisbətən 33 min ton çoxdur. Arpa istehsalı 3 min ton artaraq 71.3 min tona çatıb. 2022-ci ildə dən qarğıdalı, pambıq və şəkər çuğunduru istehsalında da artım müşahidə edilib. Belə ki, dən qarğıdalı istehsalı 21 min ton artaraq 115 min ton, pambıq istehsalı 15.5 min ton artaraq 34 min ton, şəkər çuğunduru isə 22.5 min ton artaraq 139.5 min ton təşkil edib. Aqroparklarda meyvə və giləmeyvə istehsalında da artım qeydə alınıb. 2022-ci ildə istehsal 2.3 min ton artaraq 25.6 min tona çatıb, o cümlədən ilk dəfə zeytun yağı (257 ton) və süfrəlik zeytun (346 ton) istehsalı həyata keçirilib. Onu da qeyd etmək istərdim ki, aqroparklarda taxıl məhsullarının tədarükü, saxlanması və satışı üçün 493 min kubmetr tutumunda taxıl anbarı kompleksləri mövcuddur ki, bu da ölkədə fəaliyyət göstərən müasir taxıl anbarlarının 24%-ni təşkil edir.

2021-ci ildə ölkədə strateji məhsul hesab olunan əsas məhsulların istehsalı,
o cümlədən buğdanın 7,3%-i, arpanın 6%-i, dən qarğıdalının 32,7%-i,
şəkər çuğundurunun 66%-i, pambığın 6,5%-i aqroparkların payına düşüb

- Ölkənin ərzağa olan tələbatının ödənilməsində aqroparkların rolunu necə dəyərləndirmək olar?

- Aqrar sahədə əsas lokomotivlərdən hesab olunan aqroparklar son dövrlərdə yaransalar da, ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasına mühüm töhfələr verirlər. 2021-ci ildə ölkədə strateji məhsul hesab olunan əsas məhsulların istehsalı, o cümlədən buğdanın 7,3%-i, arpanın 6%-i, dən qarğıdalının 32,7%-i, şəkər çuğundurunun 66%-i, pambığın 6,5%-i aqroparkların payına düşüb. Burada istehsal olunan məhsullar ölkədə fəaliyyət göstərən kənd təsərrüfatı müəssisələrinin istehsalı ilə müqayisədə əhəmiyyətli yer tutur. Yüksək məhsuldarlıqla yanaşı, məhsulun keyfiyyətində də müsbət nəticələr əldə olunub. Aqroparkların uğurlu göstəricilərinə ölkədə ilk dəfə olaraq on min hektarlarla sahələrdə müasir süni yağışyağdırma sistemlərinin tətbiqini, şəkər çuğunduru üzrə şəkərliliyin 6-8%-dən 12-15%-ə çatdırılmasını, çörək istehsalında istifadə olunan yüksək keyfiyyətli ərzaqlıq buğda istehsalına başlanılmasını aid etmək olar.

Bundan əlavə, aqroparklarda 2018-2022-ci illərdə ixracqabiliyyətli 8292 ha yeni intensiv və superintensiv meyvə bağları salınıb. Bu məhsullara fındıq (2 600 ha), zeytun (2 248 ha), qoz (1 228 ha), badam (1 000 ha), alma (388 ha), nar (355 ha), üzüm (152 ha) və s. 400 ha-dək müxtəlif növ meyvə bağları daxildir. 2022-ci ildə 26 min ton, mövcud bağlar tam bara düşdükdən sonra isə 70 min tondan çox məhsul istehsalı proqnozlaşdırılır. Aqroparklarda salınmış fındıq, zeytun, qoz bağları ölkədə sahəsinə görə ən böyük intensiv bağlardır.

- Yevlax Pilot Aqroparkının rezidenti olan “İSFA” MMC bu il ilk dəfə olaraq Qırğızıstana ting məhsullarının ixrac edilməsi üçün müqavilə imzalayıb. Bəs digər rezidentlər öz məhsullarının ixracı üçün hansı işlər görürlər?

- “Orta fermer təsərrüfatının aqrar-sənaye klasterlərinə inteqrasiyası" pilot layihəsi çərçivəsində Yevlax rayonu ərazisində 100-dən artıq kiçik və orta fermerin cəlb olunması ilə Yevlax Pilot Aqroparkı yaradılır. Aqroparkda intensiv nar, badam, xurma, üzüm, zeytun, heyva, gilas və digər bağlar salınacaq. Burada emal zonasında meyvə (quru meyvə, cem, konservləşdirilmiş məhsullar və sair), müasir heyvandarlıq və quşçuluq təsərrüfatları, ət və süd emalı sahələri yaradılacaq, həmçinin meyvə tingləri, toxum (arpa və buğda), heyvan yemləri, gübrə, istixana şəraitində tərəvəz bitkiləri və sair məhsulların istehsalı planlaşdırılır. Aqroparkda 500 işçinin daimi, 1000-dən çox şəxsin isə mövsümi işlərə cəlb edilməsi nəzərdə tutulur. Aqroparkda fəaliyyətin təşkili üzrə 17 sahibkarlıq subyekti ilə 20 torpaq icarə müqaviləsi bağlanıb. Hazırda həmin sahibkarlar tərəfindən torpağın əkinə hazırlanması prosesi həyata keçirilir.

Aqropark tam gücü ilə fəaliyyətə başladıqdan sonra istehsal olunacaq meyvə məhsullarının böyük hissəsinin ixrac edilməsi nəzərdə tutulub. Məhsulları ixrac etmək üçün aqroparkın rezidentlərinin sertifikatlaşma ilə bağlı müvafiq təlimlərə cəlb edilməsi, onlara bu istiqamətdə məsləhət xidmətlərinin göstərilməsi, mümkün satış bazarlarının tapılması kimi məsələlərdə dəstək tədbirlərinin həyata keçirilməsi planlaşdırılır. Yevlax Pilot Aqroparkın ilk rezidenti olan “İSFA” MMC-yə ayrılmış ərazinin 10 hektarında müasir suvarma sistemlərinin tətbiqi ilə tezyetişən gilas, nektarin, şaftalı, alça və ərik tingləri, həmçinin tingçilik üçün ayrılmış ərazidə 500 min ədəd tingin calaqaltısı əkilib. Burada ilk dəfə olaraq, daxili bazarda satış ilə yanaşı, ting ixracı da həyata keçiriləcək. Belə ki, 2023-cü ilin fevral ayında Qırğızıstana 100 min ABŞ dolları dəyərində 40 min ədəd badam tinginin göndərilməsi ilə bağlı müqavilə bağlanıb. Bundan başqa, Gürcüstana 80 min ədəd qoz tinginin göndərilməsi üzrə razılıq əldə olunub.

Əsas hədəflərdən biri aqroparklarda müxtəlif
istiqamətlərdə klasterləşmə modelinin tətbiqidir

- Arqopark rezidentlərinin ixracla bağlı planları nələrdən ibarətdir? İndiyədək aqroparkların hansı dəyərdə və həcmdə məhsulu xaricə ixrac edilib? Əsas ixrac istiqamətləri hansı ölkələr olub?

- Aqroparkların yaradılmasının əsas məqsədlərindən biri də strateji məhsulların idxalının və ölkədən valyuta axınının həcminin azaldılmasıdır. Əsasən meyvəçilik üzrə ixtisaslaşmış aqroparklar tərəfindən ixrac əməliyyatları həyata keçirilir. Meyvə bağlarının böyük hissəsi son illər ərzində salındığı üçün ixracın həcmi az ola bilər. Bununla belə, aqroparklar tərəfindən 2021-ci ildə dəyəri 4 milyon manatdan çox meyvə ixrac olunub, 2022-ci ildə isə 7 milyon manatadək dəyərdə meyvə ixracı təmin edilib.

- Aqroparkların inkişafı üçün daha nə kimi hədəflər müəyyən edilib?

- Aqroparkların fəaliyyətlərində dəyər zəncirinin “tarladan süfrəyədək qida təhlükəsizliyi” strategiyasına uyğun formalaşdırılması və innovativ yanaşmanın tətbiq edilməsi ilə əlavə dəyər yaradacaq qida sektorları üzrə fəaliyyətin genişləndirilməsi, beynəlxalq sertifikatlaşmanın tətbiqi, ixracın artırılması, yeni ixrac kanallarının tapılması, xarici investorların cəlb edilməsi, aqroturizm imkanlarının dəyərləndirilməsi, klastelərin yaradılması və digər stimullaşdırıcı tədbirlərin görülməsi ilə bu sahənin daha da inkişaf etdirilməsi hədəf kimi müəyyənləşdirilib. Bu tədbirlər çərçivəsində aqroparkların mövcud fəaliyyətinin daha effektiv olması üçün səmərəli istehsal, emal, saxlanılma və satış infrastrukturu, həmçinin perspektivdə aqropark daxilində və ya digər təsərrüfat subyektləri ilə (aqropark, emal müəssisələri, fermerlər və sair) emal sahələrinin yaradılması, istehsal olunan məhsulların ixracının artırılması, xarici bazarda rəqabətqabiliyyətli məhsul təklifi üçün beynəlxalq standartlara uyğun istehsal və emal prosesinin qurulması, risklərin vaxtında qiymətləndirilməsi və müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur.

Qeyd olunduğu kimi, əsas hədəflərdən biri aqroparklarda müxtəlif istiqamətlərdə klasterləşmə modelinin tətbiqidir. Aqroparkların mövcud potensialı burada əlaqələndirilmiş vahid idarəetmə sisteminin formalaşmasına müsbət təsir edəcək klaster yanaşmasının tətbiqi imkanlarını artırır. Mövcud və yaradılmaqda olan aqroparkların aqrar-sənaye klasterlərində birləşməsi ölkədə qida sənayesi və məhsul istehsalı sahələrinə müxtəlif investorların cəlb olunmasına, əhalinin keyfiyyətli ərzaq məhsulları ilə təminatının daha da yaxşılaşdırılmasına, yeni iş yerlərinin açılmasına şərait yaradacaq. Aqrar-sənaye klasterlərinin yaradılması yerli məhsulların rəqabətqabiliyyətliliyinin və ixracının artırılmasına, regionlarda məşğulluğun təmin edilməsinə, milli brendlərin və əlaqələndirilmiş vahid sistemin formalaşmasına, məhsul istehsalına çəkilən xərclərin, eləcə də maya dəyərinin aşağı düşməsinə əhəmiyyətli təsir göstərəcək.

İlhamə İSABALAYEVA