Kürdəmirdə nar şirəsi istehsal edən yeni müəssisə açılıb REPORTAJ

2022.12.17 12:02 (UTC+04:00)

İqtisadiyyatın şaxələndirilməsi və məşğulluğun təmin olunması daim aktual olan məsələlərdəndır. Bu baxımdan regionlarda da kiçik sahibkarlığın dəstəklənməsinə yönələn layihələrə xüsusi önəm verilir. Həmin layihələrdən biri də narçılığın inkişafını hədəfləyir. Nəticədə Kürdəmir rayonunun Muğanlı kəndində nar şirəsi istehsal edən yeni müəssisə işə salınıb.

Vergiler.az” xəbər verir ki, müəssisənin açılış mərasimində çıxış edən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin Əməkdaşlıq şöbəsinin rəhbəri Viktor Boşkov təmsil etdiyi qurumun Azərbaycanda narçılığın inkişafına dəstək verdiyini deyib: “Gələn il Avropa İttifaqı iqlim dəyişmələrində müqavimət gücünün artırılması ilə bağlı layihənin də icrasını düşünür. Bu layihə Azərbaycanın bir rayonu ilə kifayətlənməyəcək. Ehtiyacı olan bütün rayonlarda həmin layihədən istifadə ediləcək. İqlim dəyişmələri turizmə də təsir edir. Biz rayonlarda turizmin inkişafı üçün bir sıra layihələr icra edəcəyik".

Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov isə rayonda çox münbit torpaqların, böyük əkin sahələrinin mövcud olduğunu bildirib. Onun sözlərinə görə, rayon ərazisində 15 min hektar ərazidə taxılçılıq və pambıqçılığın inkişafı davam etdirilir, eləcə də meyvə bağları salınır: “Son illər ölkədə kənd təsərrüfatı sahəsində uğurlu islahatlar həyata keçirilir, güclü mütəxəssislər yetişir. Dünyada gedən siyasi proseslər göstərdi ki, ölkə üçün ərzaq təhlükəsizliyi nə dərəcədə vacibdir. Bunun da əsasında inkişaf etmiş kənd təsərrüfatı dayanır. Yeni açılan müəssisə də nar istehsalçılarının fəaliyyətinə böyük fayda verəcək".

Zavodun texnoloqu qonaqlara və yerli media nümayəndələrinə nar şirəsinin hazırlanma prosesini nümayiş etdirib. Onlar heç bir qatqısı olmadan təbii yolla hazırlanan nar şirəsinin dadına baxıblar.

Beynəlxalq standartlara uyğunluq sertifikatı alan və ortaq müəssisə kimi fəaliyyət göstərən nar şirəsi müəssisəsinin yaratdığı əlavə dəyər yerli nar istehsalçılarına məhsullarının emalı və satışına dəstək olmaq məqsədi daşıyır. Layihənin əsas məqsədi yerli istehsalçıları xarici bazarlara çıxarmaqdır.

Nar emalı müəssisəsində quraşdırılan avadanlıq 1,5 ton nardan bir saat ərzində 500 litr şirə süzə bilər. Mini zavodun minimum istehsal gücü saatda 500 ədəd şüşə həcmindədir. Burada nar şirəsi pasterizə edilərək qablaşdırılır. Bu da məhsulun uzun müddət saxlanılmasına imkan verir. Pasterizə edilmiş nar şirəsinə Qida Təhlükəsizliyi İnstitutu İSO sertifikatı verib. Müəssisə Qida Təhlükəsizliyi Agentliyindən icazə sertifikatı da alıb.

Qeyd edək ki, “Avropa İttifaqı İşgüzar fəaliyyət naminə” (EU4Business) layihəsinin bir hissəsi olan “Narçılıq dəyər zəncirində üstün keyfiyyətin əldə edilməsi və dəyişikliklərə dəstək” (STEP) layihəsi çərçivəsində fermerlərə məsləhət xidməti göstərilib, 1400 nəfər aktiv təlimlərə cəlb olunub. Nəticədə nar istehsalçılarının məhsuldarlıq göstəricisi 25-35% artıb. Layihə çərçivəsində Aran bölgəsinin 4 rayonunda 83 hektar yeni nar bağı salınıb. 388 hektar sahədə təsərrüfatlarda zərərvericilərə qarşı bioloji mübarizə üsullarından uğurla istifadə olunub və bununla da kimyəvi üsullardan istifadənin həcmi azalıb. Həmçinin, layihə çərçivəsində kənd təsərrüfatı subsidiyasını almaq üçün 312 nəfər narçı fermer Dövlət Aqrar İnkişaf Mərkəzləri (DAİM) ilə əlaqələndirilib.

Fərqanə ALLAHVERDİQIZI