Bu ilin yanvar-noyabr ayları ərzində Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 5 089 591,1 min manat daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 29,2 faiz çoxdur.
"vergiler.az"ın DGK-nın dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalara görə, hesabat dövründə dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 16,3 faiz artaraq 1 261 013,5 min manat təşkil edib.
ƏDV üzrə daxilolmalar isə 35,8 faiz artaraq 3 621 415,9 min manata bərabər olub. Aksizlər üzrə cari ilin ilk 11 ayında daxilolmalar 2,3 faiz artaraq 149 815,1 min manat təşkil edib.
Yol vergisi üzrə daxilolmaların həcmi 57 346,2 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövründə qeydə alınan göstəricidən 43,5 faiz çoxdur.
Bu ilin noyabr ayında DGK xətti ilə dövlət büdcəsinə 442 850,6 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2021-ci ilin eyni ayı ilə müqayisədə 17,4 faiz, bu ilin oktyabr ayı ilə müqayisədə isə 5,6 faiz çoxdur.
Bu ilin noyabr ayı ərzində dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin eyni ayı ilə müqayisədə 12,4 faiz artaraq 123 731,9 min manat olub. Bu ilin oktyabr ayı ilə müqayisədə isə bu göstərici 9,6 faiz artıb.
Bununla yanaşı, cari ilin noyabr ayı ərzində ƏDV üzrə daxilolmalar ötən ilin eyni ayı ilə müqayisədə 20 faiz artaraq 298 510,8 min manat (bu ilin oktyabr ayı ilə müqayisədə 3,6 faiz çox), aksizlər üzrə 12,1 faiz artaraq 15 866,4 min manat (oktyabr ilə müqayisədə 25,5 faiz çox), yol vergisi üzrə daxilolmalar isə 11,9 faiz artaraq 4 741,5 min manat (oktyabr ilə müqayisədə 13,6 faiz az) təşkil edib.