Kompüter satışları 23 faiz artıb

2022.12.08 12:45 (UTC+04:00)

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində kompüter, telekommunikasiya avadanlıqları və çap məhsullarına istehlakçılar tərəfindən 394,8 milyon manat xərclənib.

"vergiler.az"ın Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, bu, 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 23 faiz və ya 73,6 milyon manat çoxdur.

Bu ilin oktyabr satışlarının dəyəri isə sentyabr göstəricisi ilə müqayisədə 18,4 milyon manat və ya 37,5 faiz azalaraq 30,6 milyon manat təşkil edib.

Qeyd edək ki, bu ilin ilk 10 ayında istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 1 faizi kompüter, telekommunikasiya avadanlıqları və çap məhsullarının alınmasına sərf olunub. Bu, 2021-ci ilin eyni göstəricisindən 0,1 faiz bəndi çoxdur.