Təbii balın idxalı azalıb, ixracı isə artıb

2022.12.05 15:43 (UTC+04:00)

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 395,29 min ABŞ dolları dəyərində 74,6 ton təbii bal idxal edilib. "vergiler.az"ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu, 2021-ci ilin eyni dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 12,1 faiz, həcm ifadəsində isə 18,5 faiz azdır.

Bu kateqoriya məhsul üzrə ölkəyə dəyər ifadəsində ən çox idxal Türkiyədən olunub. Bu ölkə cari ilin ilk doqquz ayında Azərbaycana 156,39 min dollar dəyərində 30,75 ton təbii bal ixrac edib ki, bu da ötən ilin eyni göstəricilərini müvafiq olaraq 14 və 41,1 faiz üstələyir.

Dəyər ifadəsində ikinci ölkə isə Rusiya olub. Bu ölkədən yanvar-sentyabr aylarında Azərbaycana 151,84 min dollarlıq 30,33 ton bal tədarük edilib ki, bu da ötən illə müqayisədə dəyər və həcm baxımından 0,5 faiz azdır.

Üçüncü yerdə olan İspaniyadan isə ölkəyə 48,65 min dollar dəyərində 6,59 ton bal göndərilib. Ötən ilin eyni dövrünə nisbətdə bu ölkələrdən Azərbaycana bal tədarükü dəyər və həcm baxımından 44,1 və 89,3 faiz artıb.

Hesabat dövründə ümumilikdə Azərbaycana 10 ölkədən təbii bal idxal olunub.

Qeyd edək ki, bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycandan 11,6 min dollar dəyərində 0,47 ton təbii bal ixrac edilib. İxracın həcmi illik ifadədə dəyər olaraq 4,3 dəfə, həcm baxımından isə 88 faiz artıb. Məhsul əsasən Belçika, İraq və Yaponiyaya tədarük edilib.