Ölkədaxili nağdsız əməliyyatların həcmində artım qeydə alınıb

2022.11.29 12:58 (UTC+04:00)

Bank sistemi üzrə oktyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nisbətdə 153 min ədəd artaraq 12,9 milyonu ötüb.

“vergiler.az” Azərbaycan Mərkəzi Bankının hesabatına istinadən xəbər verir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 21,1 faiz artıb. Ödəniş kartlarında artım debet kartları üzrə 20,2 faiz, kredit kartları üzrə 27,6 faiz təşkil edib. Ötən ilin müvafiq dövrünə nisbətən əməkhaqqı kartlarının sayı 95 min, kredit kartları 368 min, digər kartlar isə 1,8 milyon ədəd artıb. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə artıb.

2022-ci ilin oktyabr ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 2306,5 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 1757,0 milyon manatı elektron ticarətin payına düşüb. Qalan məbləğin 546 milyon manatı POS-terminallar, 2,5 milyon manatı isə ödəniş terminalları vasitəsilə həyata keçirilib. Oktyabr ayı ərzində ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 44,4 faizini təşkil edib.