Noyabrın 25-də vergiler.az saytının təşkilatçılığı ilə “Korrupsiya ilə mübarizə və şəffaflığın təmin edilməsi: Dövlət Vergi Xidmətində görülən işlər” mövzusunda Dəyirmi Masa keçirilib. Tədbirdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri, müstəqil ekspertlər, ictimai birliklərin və qeyri-hökumət təşkilatlarının rəhbərləri iştirak ediblər.
Dəyirmi Masada “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində görülən işlər, Dövlət Vergi Xidmətinin bu istiqamətdə həyata keçirdiyi tədbirlər barədə məlumat verilib. Dəyirmi Masa iştirakçıları dövlət qurumlarının fəaliyyətində şəffaflığın daha da artırılması, korrupsiyaya şərait yaradan halların qarşısının alınması, korrupsiyaya qarşı mübarizə ilə bağlı görülən tədbirlərin davamlılığının təmin edilməsinin vacibliyini vurğulayıblar. Eyni zamanda, vergi orqanları tərəfindən göstərilən xidmətlərin keyfiyyəti, bütün xidmətlərin Dövlət Xidmətləri Portalında əks olunması, Portala daxil edilmiş xidmətlərin effektivliyi, yeni xidmətlərin formalaşdırılması, zəruri hallarda sorğuların keçirilməsi, şikayətlərə baxılması mexanizmləri ilə bağlı məsələlər geniş müzakirə olunub. Görüşdə ictimai maraq doğuran məsələlər, həmçinin müəyyən edilmiş hədəflərlə bağlı fikir mübadiləsi aparılıb.