İordaniya ilə turizm sahəsində əməkdaşlıq memorandumu imzalanıb

2022.11.23 14:36 (UTC+04:00)

Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası ilə İordaniya Özəl Sağlamlıq Qurumları Assosiasiyası arasında uzunmüddətli qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanıb.

Azərbaycan Sahibkarlar Konfederasiyasından “vergiler.az”a verilən məlumata görə, sənəd İordaniyanın paytaxtı Əmman şəhərində keçirilən Beynəlxalq Sağlamlıq Turizmi Forumu (İHTF-2022) çərçivəsində imzalanıb.

Forum zamanı Qlobal Sağlamlıq Turizmi Təşkilatının təqdimatı çərçivəsində Azərbaycanın 2018-2019-cu illərdə bu quruma rəhbərlik etdiyi dövrdə görülən işlər, bu sahədə Azərbaycanın mövcud təcrübəsi haqqında forum iştirakçılarına geniş məlumat verilib.

Tədbir çərçivəsində Qlobal Sağlamlıq Turizmi Şurasının qapalı toplantısı keçirilib. Toplantıda Azərbaycanın işğaldan azad olunan Qarabağ və​ Şərqi Zəngəzur iqtisadi rayonlarının sağlamlıq turizmi potensialı barədə quruma üzv ölkələrin nümayəndələrinə məlumat verilib.

Toplantıda 2023-cü ilin 26-27 aprelində Xorvatiyada Qlobal Sağlamlıq Turizmi Şurasının növbəti 5-ci Zirvə görüşünün keçirilməsi qərara alınıb.