Vergi orqanlarına işə qəbul imtahanının iştirakçıları təəssüratlarını bölüşüblər

2022.11.21 16:50 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ərazi vergi orqanlarına və rayon vergilər şöbələrinə (Dövlət Vergi Xidmətinin regionlarda yerləşən strukturları üzrə) vakant vəzifələrə işə qəbulla bağlı noyabrın 20-də Dövlət İmtahan Mərkəzi tərəfindən test imtahanı keçirilib. Dövlət vergi orqanlarına işə qəbulla bağlı sayca 18-ci olan müsabiqə test imtahanı və müsahibədən ibarətdir.

İşə qəbulla bağlı bu il ümumilikdə 3.418 müraciət daxil olub və iddiaçılardan 2.465 nəfəri müsabiqədə iştirak hüququ qazanıb. İmtahan iştirakçıları “vergiler.az”a imtahanın gedişi barədə təəssüratlarını bölüşüblər.

“Mən bundan öncə dövlət qulluğuna imtahanlarda iştirak edib, uğurlu nəticələr əldə etmişəm. Bu imtahanda da özümü sınamaq istədim. Budəfəki imtahana, əsasən, məntiq, konstitusiya, dünyagörüşü, yeni tarixə və coğrafiyaya aid suallar salınmışdı”, - imtahan iştirakçısı Salman Bədəlov deyib.

O, məntiq fənni ilə bağlı heç bir çətinliyin olmadığını, dünyagörüşünə aid suallarda isə daha çox incəliklərə toxunulduğunu bildirib: “Onu deyə bilərəm ki, imtahan olduqca obyektiv və yüksək səviyyədə keçdi. Heç bir xoşagəlməz hal yaşanmadı”, - Salman Bədəlov əlavə edib.

İndiyədək bir neçə dəfə dövlət imtahanlarında iştirak edən Rufan Qarayev isə bu dəfə sualların dəqiqlik baxımından daha təkmil və peşəkar hazırlandıgını deyib.

“İmtahan tam şəffaf, səliqəli, sakit keçirildi. Ən çox verbal məntiqi suallar qoyulmuşdu. Ümumiyyətlə, oxuyub gələn insanlar üçün çətin heç nə yox idi. Əvvəllər o qədər də uğurlu nəticəm olmasa da, inanıram ki, bu dəfə nəticəm yaxşı ola bilər”, - Rufan Qarayev deyib.

İmtahanın peşəkar səviyyədə keçirildiyini qeyd edən digər iştirakçı - Şahin Məmmədov diqqəti sualların nə dərəcədə çətin və asan olduğuna yönəldərək deyib: “Mənim üçün həm çətin, həm də asan olan suallar var idi. Gözlədiyim də bu idi: yəni suallar gözləntimdən nə çox asan, nə də çox çətin oldu. Mən dəfələrlə dövlət imtahanlarda iştirak etmişəm. Müqayisə etsəm, deyərdim ki, bu dəfə müsbət mənada fərqli imtahan oldu”.