Azərbaycana daha bir biznes-missiya təşkil olunacaq

2022.11.15 15:25 (UTC+04:00)

Noyabrın 28-dən 30-dək Rusiya Federasiyası Novqorod vilayətinin sahibkarlarının Azərbaycana biznes-missiyası təşkil olunacaq. “vergiler.az” vilayətin yerli mətbuatına istinadən xəbər verir ki, səfər çərçivəsində onlar Azərbaycanın işgüzar dairələrin nümayəndələri ilə danışıqlar aparacaq, istehsal etdikləri məhsulların ölkəyə ixracının xüsusiyyətləri ilə ətraflı tanış olacaqlar.

Səfər Novqorod vilayətinin İnvestisiya Siyasəti Nazirliyinin dəstəyi ilə Novqorod İxraca Dəstək Mərkəzi tərəfindən təşkil olunur.

Mərkəzin direktor müavini Darya Yanveldtin sözlərinə görə, bu, qurum tərəfindən Azərbaycana təşkil olunan ilk biznes-missiyadır.

“Səfərqabağı bir çox işlər görülür. Belə ki, Mərkəzimizin mütəxəssisləri müəyyən ediblər ki, hansı Novqorod malları Azərbaycan tərəfi üçün maraqlı ola bilər. Bundan əlavə, biz sahibkarlarımız üçün əvvəlcədən potensial tərəfdaşlar seçirik. Ümid edirik ki, səfər məhsuldar olacaq”, - deyə D.Yanveldt əlavə edib.

Qeyd edək ki, 2021-ci ildə Novqorod vilayətindən Azərbaycana ixracın həcmi bir il öncəki göstəriciyə nisbətdə 11 faiz artaraq 4,9 milyon dollar təşkil edib. Bu ilin ilk doqquz ayının yekunlarına görə isə Novqoroddan Azərbaycana 10,5 milyon dollarlıq məhsul ixrac edilib. Bu, gübrə tədarükünün bərpası, eləcə də ağac və ağac məmulatlarının ixracının dəyərinin nəzərəçarpacaq dərəcədə artması ilə bağlıdır.