Samirə Musayeva: “İnvestisiya mühitini təşviq edən bir sıra tədbirlər nəzərdə tutulub”

2022.11.03 17:51 (UTC+04:00)

“Sahibkarlarla bütün müzakirələrin əsasında yalnız inzibati orqan və sahibkar münasibəti deyil, həm də dövlət-özəl tərəfdaşlığı dayanır”. “vergiler.az” xəbər verir ki, bu barədə “Caspian Energy Club”un növbəti B2G forumunda çıxış edərkən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva deyib.

Onun sözlərinə görə, B2G forumun parlamentdə dövlət-özəl tərəfdaşlığı haqqında qanun layihəsinin müzakirəsi ərəfəsinə düşməsi təqdirəlayiq hal kimi qiymətləndirilə bilər. “Bu gün dövlət və biznes tərəfdaşlığının hüquqi zəminləri daha da ciddiləşir, birgə infrastruktur layihələrin, ictimai ortaq məqsədlərə çatma istiqamətinə etimada əsaslanan birgə münasibətlərin qurulması yeni müstəviyə gətirilir”, - deyə Samirə Musayeva qeyd edib.

Dövlət Vergi Xidmətinin rəsmisi sahibkarlığın iqtisadiyyatın əsas hərəkətverici qüvvəsi olduğunu deyərək, “2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda da ölkədə dayanıqlı iqtisadiyyatın təmin edilməsi üçün investisiya mühitini təşviq edən bir sıra tədbirlərin nəzərdə tutulduğunu qeyd edib.

Bu gün dövlət və biznes tərəfdaşlığının hüquqi zəminləri daha da ciddiləşir,
birgə infrastruktur layihələrin, ictimai ortaq məqsədlərə çatma istiqamətinə
etimada əsaslanan birgə münasibətlərin qurulması yeni müstəviyə gətirilir.

“Bu tədbirlər çərçivəsində bir tərəfdən sahibkarın inkişafını təşviq edən səmərəli investisiya mühitinin formalaşdırılması nəzərdə tutulursa, digər tərəfdən “kölgə iqtisadiyyatı” ilə ciddi, davamlı və qətiyyətli mübarizə dayanıb. Yəni burada bir balans var. Dövlət şəffaf sahibkar üçün bundan sonra da vergi-təşviq alətləri tətbiq etməklə, inzibatçılığın sadələşdirməsində mümkün bütün təşviqedici addımlar atmaqla yanaşı, şəffaf sahibkarlığı rəqabət mühitində hansısa formada üstələməyə çalışan qeyri-şəffaf sahibkarlıqla da ciddi şəkildə mübarizə aparacaq. Bizim bundan sonrakı, ən azı təsdiqlənən dövrdə, yəni 2022-2026-ci illər üzrə də əsas addımlarımız bu əsas istiqamətdə olacaq”, - deyə Samirə Musayeva əlavə edib.

Cari ilin ilk doqquz aylarının nəticələrinə gəldikdə, Xidmətin rəis müavini hesabat dövründə ölkə üzrə 700 minə yaxın aktiv vergi ödəyicisinin mövcud olduğunu və bu göstəricinin illik nisbətdə 5,2% artdığını bildirib.

Onun sözlərinə görə, bununla yanaşı, cari ilin yanvar-sentyabr aylarında ƏDV ödəyicilərinin sayında 10 faizə yaxın, sahibkarların aktiv fəaliyyət göstərən təsərrüfat subyektlərinin sayında isə 3 faiz artım olub.

Bütövlükdə bu gün ƏDV ödəyicilərinin aktivliyi və saylarının artması ilə yanaşı,
dövriyyələrin şəffaflaşmasının da şahidi oluruq. Bu kateqoriyadan olan
sahibkarların dövriyyələrinin artıq 62 faizi elektron qaimə-faktura ilə əvəzlənib.

“Bütövlükdə bu gün ƏDV ödəyicilərinin aktivliyi və saylarının artması ilə yanaşı, dövriyyələrin şəffaflaşmasının da şahidi oluruq. Bu kateqoriyadan olan sahibkarların dövriyyələrinin artıq 62 faizi elektron qaimə-faktura ilə əvəzlənib. Müşahidələrimiz göstərir ki, şəffaflaşma ilə bağlı qarşıya qoyulan hədəf istiqamətində sahibkarların geri cavabı çox müsbətdir. Təkcə 1 yanvar 2019-cu ildən həyata keçirilən əməkhaqqı islahatı nəticəsində qeyri-dövlət sektorunda əmək müqavilələrinin sayında 48,3% artım olub. Bu isə o deməkdir ki, artıq rəsmi iş yer varsa, rəsmi dövriyyələr mövcud olmalıdır və rəsmi dövriyyənin mövcudluğu dövlətin leqal gəlirlərinin, vergi gəlirlərinin mütəmadi olaraq artan həcmdə dövlət büdcəsinə səfərbər olmasına xidmət edir”, - deyə Samirə Musayeva qeyd edib.