Daşınmaz əmlakın qeydiyyatı 18,1 faiz artıb

2022.11.03 14:51 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən digər fəaliyyət sahələrində olduğu kimi, daşınmaz əmlakın qeydiyyatı sahəsində də həyata keçirilən innovativ addımlar vətəndaş məmnunluğuna ünvanlanıb.

Bunu “vergiler.az”a “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin İdarə Heyətinin sədri Nigar Alimova deyib.

Onun sözlərinə görə, tətbiq edilən yeniliklər, prosedurların sadələşdirilməsi daşınmaz əmlakın qeydiyyatının daha da aktivləşməsinə səbəb olub.

“2022-ci ilin yanvar-sentyabr ayları ərzində 259.798 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18,1% çoxdur. 9 aylıq göstəricinin 63.315-i (24,4%-i) ilkin, 196.483-ü (75,6%-i) isə təkrar qeydiyyatın payına düşüb. Qeyd edək ki, ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-sentyabr ayları ərzində ilkin qeydiyyat 30,3% artıb”, - deyə N.Alimova qeyd edib.

Qurumun İdarə Heyətinin sədri əlavə edib ki, hesabat dövründə mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlaklardan 36.718-i fərdi yaşayış və bağ evi, 65.872-si mənzil, 148.840-ı torpaq sahəsi, 2.636-sı qeyri-yaşayış binası, 5.101-i qeyri-yaşayış sahəsi, 589-u əmlak kompleksi, 41-i çoxmərtəbəli yaşayış binası, 1-i isə çoxillik əkmələr olub.

Qeyd olunub ki, cari ilin yanvar-sentyabr ayları ərzində dövlət qeydiyyatına alınan daşınmaz əmlakın 26,2%-i Bakı şəhərində, qalanları isə bölgələrdə yerləşir.

“Cari ilin yanvar-sentyabr ayları ərzində 203.254 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 17,3% artım deməkdir. 2022-ci ilin 9 ayı ərzində qeydiyyata alınan ipoteka müqaviləsinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 39,5% artaraq 51.347 təşkil edib. Dövlət başçısının “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” 7 oktyabr 2021-ci il tarixli 1455 nömrəli Fərmanına uyğun olaraq, mülkiyyət sənədləri ilə təmin edilməyən pay torpaqlarının dövlət vəsaiti hesabına sənədləşdirilməsi 2022-ci ilin ilk 9 ayında uğurla davam etdirilib. Belə ki, ilin ilk 9 ayında 21.907 torpaq sahəsi dövlət vəsaiti hesabına sənədləşdirilərək vətəndaşlara təqdim edilib” – deyə N.Alimova bildirib.

O, həmçinin daşınmaz əmlakın qeydiyyatında vətəndaş məmnunluğuna xidmət edən yeniliklərin cari ildə də davam etdirildiyini qeyd edərək, bu yeniliklərdən birinin də İpoteka Kağızının Elektron Sisteminin tətbiqi olduğunu söyləyib.

Qeyd edək ki, sistem daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının tərtib edilməsi, həmin sənədin qeydiyyata alınması, habelə ipoteka kağızına xitam verilməsi ilə bağlı müvafiq əməliyyatları elektron formada aparmağa imkan verir.

Xatırladaq ki, İpoteka Kağızının Elektron Sistemi 16.06.2002-ci il tarixində tam istifadəyə verilib. Hazırda ipoteka kağızının yaradılması, əlavə qeydiyyatının aparılması və xitam verilməsi ilə bağlı bütün əməliyyatların qeydiyyat orqanına gəlmədən internet üzərindən aparılması tam təmin olunub. 1293 ipoteka kağızı elektron sistem üzərindən qəbul edilərək icrası təmin edilib.

N.Alimovanın sözlərinə görə, daşınmaz əmlakın qeydiyyatının sadələşdirilməsi və əhatə dairəsinin genişləndirilməsi məqsədilə normativ hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilib.

“7 aprel 2022-ci il tarixli 1656 saylı “Azərbaycan Respublikasının ərazisində baş verən təbii fəlakətlərin, texnogen qəzaların və hərbi əməliyyatların nəticələrinin aradan qaldırılması ilə əlaqədar dövlət vəsaiti hesabına inşa edilən yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının mənzilləri üzərində hüquqların rəsmiləşdirilməsi, habelə onların yerləşdiyi torpaq sahələri ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” Fərman çoxlu sayda vətəndaşa dövlət tərəfindən tikilərək təhvil verilən yaşayış evlərinin sənədləşdirilməsini təmin edir. Fərmanın icrası ilə bağlı tədbirlər çərçivəsində Zaqatala rayonunda səyyar qəbul keçirilib. Ümumilikdə 667 vətəndaşın yaşayış evi üzərində mülkiyyət hüquqları qeydiyyata alınaraq onlara dövlət reyestrindən çıxarışlar verilib”, - deyə N.Alimova əlavə edib.