Qazaxıstanla Azərbaycan arasında fiber-optik xətlərin çəkilişinə başlanacaq

2022.10.27 15:11 (UTC+04:00)

2023-cü ildə Qazaxıstan-Azərbaycan marşrutu üzrə Xəzər dənizinin dibi ilə fiber-optik xətlərin çəkilişinə başlanacaq. “vergiler.az” xəbər verir ki, bu barədə Qazaxıstanın rəqəmsal inkişaf, innovasiyalar və aerokosmik sənaye naziri Baqdat Musin “Facebook” hesabında yazıb.

O bildirib ki, layihə region ölkələrinin internetə alternativ çıxışını təmin edəcək, həmçinin Avropa ilə Asiya arasında trafikin tranzitini genişləndirəcək.

“Artıq layihənin yüksək səviyyəli dizaynının (HLD) hazırlanması üzərində işlərə başlanıb, daha sonra müvafiq tədqiqatlar aparılacaq, Xəzərin dibi boyunca optikanın layihələndirilməsi və birbaşa tikintisi həyata keçiriləcək”, - deyə nazir qeyd edib.

O, həmçinin, əlavə edib ki, uzunluğu 340 kilometrdən artıq olan sualtı xəttin əsas marşrutu Aktaudan Azərbaycanın Siyəzən rayonuna qədər uzanacaq. Bununla yanaşı, Qazaxıstanın Kurık limanından Bakının Buzovna kəndinə uzunluğu təxminən 330 kilometr olan ehtiyat kanal da çəkiləcək.

“Bütün Mərkəzi Asiya ölkələri layihənin sürətlə həyata keçirilməsində maraqlıdır, çünki alternativ marşrutların mövcudluğu ölkələrimizin sakinlərinin internetə zəmanətli çıxışının təmin edilməsində böyük rol oynayır”, - Baqdat Musin əlavə edib.