Azərbaycanda bərpa olunan enerji mənbələri, xüsusilə dənizdə külək enerjisi üzrə yaradılacaq böyük güclər hesabına istehsal olunacaq elektrik enerjisinin müəyyən hissəsinin Avropaya ixracı nəzərdə tutulur.
Energetika Nazirliyindən “vergiler.az”a verilən məlumata görə, bu barədə nazir Pərviz Şahbazov Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tamaş Tormanla görüşü zamanı deyib.
Nazir ölkədə “yaşıl enerji” sahəsində əlverişli investisiya mühiti və xarici sərmayələrin cəlbi ilə irimiqyaslı layihələrin icrası üzrə görülən işlər haqqında məlumat verib.
Görüşdə enerji əməkdaşlığının Azərbaycan və Macarıstan əlaqələrinin vacib hissəsi olduğu vurğulanıb. Cənub Qaz Dəhlizi çərçivəsində əməkdaşlıq imkanları müzakirə edilib.
Öz növbəsində səfir ölkəsinin həm ənənəvi, həm də bərpa olunan enerji sahəsində aktiv əməkdaşlıqda, həmçinin Macarıstan şirkətlərinin işğaldan azad olunmuş ərazilərin bərpası və “Yaşıl enerji zonası”na çevrilməsində iştirakda maraqlı olduğunu bildirib.
Görüşdə enerji sahəsində əməkdaşlıqdan irəli gələn bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.