Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlər beynəlxalq yükdaşımalarının gələcək inkişafı ilə bağlı məsələləri müzakirə edəcəklər.
“vergiler.az” Özbəkistan Nəqliyyat Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, məsələyə TDT ölkələri nəqliyyat nazirlərinin oktyabrın 27-28-də Daşkənddə keçiriləcək iclası çərçivəsində baxılacaq.
Tərəflər həmçinin regionun tranzit potensialının artırılması, alternativ nəqliyyat marşrutlarının inkişafı məsələlərini nəzərdən keçirəcəklər.
Tədbir çərçivəsində TDT-yə üzv dövlətlərin dəmir yolu administrasiyalarının birinci iclası və bu təşkilata üzv dövlətlərin liman rəhbərlərinin beşinci görüşü baş tutacaq.
İclasın yekunu olaraq Türk Dövlətləri Təşkilatına üzv dövlətlər arasında beynəlxalq multimodal daşımalara dair saziş və nəqliyyat sektorunda qarşılıqlı asılılıq proqramı kimi sənədlərin razılaşdırılması gözlənilir.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası 2009-cu ildə yaradılıb. 2021-ci ilin noyabrında İstanbul sammitində Şura Türk Dövlətləri Təşkilatına çevrilib. Hazırda təşkilata Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan daxildir, Türkmənistan və Macarıstan isə təşkilatda müşahidəçi statusuna malikdir.