“Elektron imzaların və elektron sənəd dövriyyəsinin genişləndirilməsində ən vacib meyar onların verildiyi məkandan asılı olmayaraq tanınmasıdır ki, həmin imzaların məkana görə məhdudlaşdırılması diskriminasiya kimi qiymətləndirilir”.
“vergiler.az”ın xəbərinə görə, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Biznesə daxilolma” işçi qrupunun iclasında çıxış edən Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsində Nəzarət-analitik iş üzrə qrupun rəhbəri Leyla Bərxudarzadə bildirib ki, belə halların qarşısını almaq məqsədilə ən qabaqcıl təcrübələrin, o cümlədən “açıq açar” infrastrukturunun tətbiqi nəzərdə tutulur.
“Hər dövlətdə mərkəzi orqan müəyyən edilir ki, məhz bu qurum daxil olan xarici mənşəli sertifikatlı, açarları ölkə üçün qapalı olan elektron imzaların texnoloji standartlara uyğunluğunu müəyyən etməklə onların ölkədaxili sənəd dövriyyəsinə buraxılmasını təmin edir. Əgər biz apostil verilən və yaxud leqallaşdırılmış sənədlərdən danışırıqsa, burada bizim üçün mənbələr mötəbərdir - leqallaşdırılan sənədlər konsulluqlar tərəfindən göndərilir, apostil verilən sənədlər isə rəsmi dövlət mənbələrində yerləşdirilir”, - deyə Leyla Bərxudarzadə qeyd edib.
Ədliyyə Nazirliyinin rəsmisi əlavə edib ki, digər kateqoriyaya aid sənədləri sahibkarlar öz imzaları ilə təsdiq edəcəklər. “Sahibkarlar istənilən ünvandan və yaxud “bulud” vasitəsilə bu sənədləri bizə ötürmək imkanı əldə edəcəklər. Bu zaman bizim üçün sənədin eyniləşdirilməsi olduqca vacib əhəmiyyət kəsb edir. Bu prizmadan irəli gələrək biz “açıq açar” infrastrukturunun təhlillərinin aparılmasını nəzərdə tutmuşuq. Biz bilməliyik hansı resurslar, hansı qanunvericilik olmalıdır və yaxud texnoloji imkanlar yaradılmalıdır. Bu istiqamətdə artıq müəyyən işlərə başlanılıb”, - deyə Leyla Bərxudarzadə bildirib.