Avropa investorları ölkəmizdəki biznes mühiti barədə mütəmadi məlumatlandırılacaqlar

2022.10.25 15:43 (UTC+04:00)

Avropa İttifaqı tərəfindən Avropa şirkətləri üçün mütəmadi yenilənəcək məlumat platforması yaradılıb.

vergiler.az” xəbər verir ki, bu barədə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Biznesə daxilolma” işçi qrupunun iclasında Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının idarəedici direktoru Zibər Hüseynova deyib.

Onun sözlərinə görə, bu yeni layihə potensial investorlar üçün Azərbaycanın biznes mühiti barədə məlumat bazası rolunu oynayacaq. “Düşünürəm ki, bu məlumatlar hüquqi dildə deyil, praktiki dildə potensial şirkət və investorlara təqdim olunsa, bu, işçi qrupun mandatına daha yararlı olar”, - deyə Zibər Hüseynova qeyd edib.

“Bu məlumatların sadələşdirilmiş formada hazırlanması və yayılmasında maraqlıyıq. Məlumatlar təkcə Fransa şirkətləri deyil, Palatası olmayan bir çox ölkələrin səfirliklərinə də paylana bilər”, - deyə Zibər Hüseynova əlavə edib.